“Yaşıl gələcək” inşa müsabiqəsinin qalibləri müəyyən edilmişdir
Bakı, 20 may (AZƏRTAC). Ətraf mühitin mühafizəsinə və tullantıların düzgün idarə edilməsinə uşaqların və yeniyetmələrin diqqətini cəlb etmək məqsədilə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən apreldə elan edilmiş “Yaşıl gələcək” inşa müsabiqəsi başa çatmışdır.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, bir ay davam edən müsabiqədə şagird və tələbələr fəallıq göstərmiş və çoxsaylı yazılar təqdim olunmuşdur. Bu tədbirə böyük maraq bir daha ətraf mühitin mühafizəsi məsələlərinə gənclərin artan diqqətinin göstəricisidir.
Layihə çərçivəsində “Tullantıları necə azaltmalıyıq?”, “Ətrafı təmiz saxlamaq üçün nə etməliyik?”, “Tullantı nədir və onun faydaları hansılardır?” kimi sualları barədə fikirlərini inşalarda əks etdirən tələbə və məktəblilərdən tədbirin şərtlərinə cavab verən 200 nəfər müsabiqəyə buraxılmışdır.
Müsabiqəyə təqdim edilən inşalar Milli Məclisin, Təhsil Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin nümayəndələrinin daxil olduqları münsiflər heyəti tərəfindən baxılmış, məzmun, ideya, formata olan tələblər üzrə dəyərləndirilmiş və ilk üç yerin qalibləri müəyyənləşdirilmişdir.
Mayın 20-də inşa müsabiqəsinin yekunlarına həsr edilmiş təqdimat keçirilmişdir.
“Təmiz Şəhər” ASC-nin layihələrin idarə edilməsi və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov müsabiqəyə təqdim edilən inşalarda çoxsaylı faydalı fikirlərin səsləndirildiyini, ətraf mühitlə bağlı məsələlərin yeniyetmə və gəncləri daha çox düşündürdüyünü vurğulamış, inşalarda yazılan təkliflərin dəyərləndiriləcəyini bildirmişdir.
Təqdimatın sonunda inşa müsabiqəsinin yekunları açıqlanmışdır. Üçüncü yeri “Təmiz gələcəyə doğru” mövzulu inşanın müəllifi, Bakı Özəl Türk Liseyinin tələbəsi Bəyimxanım Bəhməninin, ikinci yeri “Təmiz saxla, sağlam ol, qazan” inşasının müəllifi, Göyçay şəhərindəki 7 nömrəli məktəbin tələbəsi Cəmil Eminovun, birinci yeri isə “Yaşıl gələcəyimiz” mövzulu inşanın müəllifi, Balaxanı qəsəbəsinin sakini, 287 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Nəriman Əliyevin tutduğu bildirilmişdir. Onlar hədiyyələr və diplomlarla təltif edilmişlər.
İnşa müsabiqəsində iştirak edən bütün məktəbli və tələbələr isə iştirakçı sertifikatları ilə təltif olunmuşlar. Onlar Balaxanı bərk məişət tullantıların yandırılması və Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodlarının fəaliyyəti ilə əyani tanış olmaq imkanı əldə etmişlər.
İnşa müsabiqəsinin məqsədi gəncləri bu mövzuda düşündürmək və onların fikirlərini öyrənməkdən ibarət olmuşdur.