“Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verilib
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Könüllülər İctimai Birliyi “Yaşıl yollarla gələcəyə sağlam addımlar” adlı layihəni həyata keçirməyə başlayıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi velosiped nəqliyyatının təşviqi vasitəsilə ətraf mühitin mühafizəsinə töhfə vermək, əhalinin ekoloji maarifləndirmə səviyyəsini artırmaq və sağlam həyat tərzinin təbliğini gücləndirməkdir.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhərində layihənin açılış mərasimi olub. Tədbirdə çıxış edənlər layihənin aktuallığını vurğulayıb və bu sahədəki təcrübələrini iştirakçılarla bölüşüblər. Bildirilib ki, bu təşəbbüs BMT-nin Davamlı İnkişaf Məqsədlərinə birbaşa töhfə verir. Eyni zamanda, Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etdiyi və 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində reallaşdırdığı yaşıl təşəbbüsləri dəstəkləyir.
Layihənin növbəti günü “Şəhər planlamasında mikromobillik infrastrukturu”, “Pedal çevirdikcə təkcə yol deyil, vaxt da sənə işləyir”, “Velosiped nəqliyyatının ekoloji və sağlamlıq baxımından üstünlükləri” kimi mövzularda seminarlar və praktiki məşğələlər təşkil olunub.
İctimai Birliyin prezidenti, layihənin rəhbəri İmaməddin Quliyevin sözlərinə görə, üç gün davam edəcək tədbir çərçivəsində 50-yə yaxın iştirakçı üçün şəhər mühitində təhlükəsiz və dayanıqlı mobillik, yol hərəkəti qaydaları və ekoloji davranış vərdişləri ilə bağlı maarifləndirici sessiyalar keçiriləcək.
Layihənin yekununda şəhadətnamələrin verilməsi və maarifləndirici videoçarxın ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.