MƏDƏNİYYƏT
Yeni nəşr: Heyrətin çağırışı
![](/files/galleryphoto/2023/2/1200x630/1693031701884958206_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16930317016073848869_1200x630.jpg)
Bakı, 26 avqust, AZƏRTAC
Tanınmış yazıçı-publisist Nəriman Mahmudun “Heyrətin çağırışı” (Əli Rza Xələflinin aforizmləri və hikmətləri üzərində ədəbi-fəlsəfi düşüncələr) kitabı “Gənclik” nəşriyyatında işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabda fikir adamı kimi Əli Rza Xələflinin aforizmləri və hikmətli sözləri tədqiq olunub. Müəllif görkəmli söz adamının mənəvi mühitini əhatəli və dolğun şəkildə şərh edir, onun fikir incilərindən bəzi nümunələr təqdim edir. O, ədəbi-bədii essesində Əli Rza Xələfli yaradıcılığından oxucuya gedən fikir yoluna öz şərhləri ilə işıq tutmağa çalışır.
Nəşrin rəyçisi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent İlham Məmmədli yazır: “Nəriman Mahmud Əli Rzanın poeziya nümunələrində, romanlarında, povestlərində, ən yığcam yazılarında belə, məqamında qaynar ilhamından doğmuş aforizmlərini yenidən dövriyyəyə gətirməklə onların bədii-estetik dəyərini bir daha oxucuların gözləri önündə sərgiləyir… Cəsarətlə demək olar ki, kitab ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacaq. Əli Rza Xələflinin ədəbi-fəlsəfi, bədii-poetik dünyasının qavranılmasında oxuculara yeni bir ipucu verəcək”.
Kitabın redaktoru və “Xələfli “Heyrətin çağırışında” adlı “Ön söz”ünün müəllifi filologiya üzrə fəlsəfə doktoru Əkbər Əlioğludur.