Yeni yaradılan fond ÜST-ni maliyyə vəsaitləri ilə təmin etməlidir
Cenevrə, 27 iyul, AZƏRTAC
Yeni növ koronavirusa qarşı mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) böyük vəsaitlərə ehtiyacı var. Beynəlxalq qurumun büdcəsinin formalaşmasında mühüm payı olan ABŞ kimi əsas üzvün ÜST-ni tərk etməsi isə maliyyə imkanlarını daha da məhdudlaşdırır.
AZƏRTAC xəbər verir ki, ÜST-nin dünyanın müxtəlif bölgələrindəki layihələrinin maliyyələşdirilməsi üçün yeni fond təsis olunub. İsveçrə Federal Səhiyyə İdarəsinin keçmiş rəhbəri Tomas Tseltnerin təsis etdiyi və rəhbəri olduğu fond üç əsas mənbədən (imkanlı şəxslər, iqtisadi sektor və əhalinin ianələri) vəsaitlərin cəlb olunmasına çalışacaqdır. O bildirib ki, fondun hədəfi yaxın 3-4 il ərzində bir milyard ABŞ dolları vəsait toplamaqdır. Hazırda fonda köçürülmək üçün 200-300 milyon dollar həcmində konkret vədlərin verildiyini qeyd edən Tseltner hüquqi qüvvəyə malik müqavilələr imzalanmayınca, ad açıqlamaq istəməyib.
Beynəlxalq ianələr sayəsində ÜST-nin siyasi təsirlərdən də kənar olacağına inam ifadə edən T.Tseltner, eyni zamanda, vəsaitlərin hansı istiqamətdə sərf edilməsində beynəlxalq qurumun müstəqil qərarlar verə biləcəyini ifadə edib.
Qeyd edilməlidir ki, ÜST-nin illik büdcəsi təxminən iki milyard ABŞ dollarına bərabərdir. Həmin vəsaitin yalnız 20 faizi 194 üzv ölkənin ödədiyi üzvlük haqqı əsasında formalaşır. Digər vəsaitlər isə beynəlxalq qurumlar, fondlar və şirkətlər, eləcə də bəzi ölkələrin könüllü yardımları hesabına təmin olunur. ÜST yalnız üzvlük haqqı kimi köçürülən vəsaitlər üzərində müstəqil qərarlar verə bilir, büdcənin 80 faizi isə həmin vəsaitləri köçürən təşkilat və dövlətlərlə əməkdaşlıq şəraitində müvafiq layihələrə yönəldilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə