ELM VƏ TƏHSİL
Yeniyetmələr arasında respublika turnirinin finalına vəsiqə qazanan komandalar “Tullantıdan incəsənətə” sərgisində
Bakı, 24 iyun, AZƏRTAC
Dənizkənarı Milli Parkda “NARGIS” nəşriyyat evi tərəfindən təşkil edilən yararlı tullantı materiallarından hazırlanan sənət əsərləri sərgisinə ekskursiya təşkil edilib. Ekskursiyada Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan futbol idman növü üzrə finala vəsiqə qazanan komandalar iştirak edib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ekskursiya zamanı uşaqlara tullantıların düzgün utilizasiyası, təkrar emal edilə bilməyən materialların zərəri və tullantılardan sənət əsərlərinin yaradılması məqsədilə istifadə olunması haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, sərgidə yararlı tullantı materiallarından hazırlanan 15 sənət əsəri nümayiş olunur. Sərgidə Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə “NARGIS” nəşriyyat evi tərəfindən 2019-cu ildə keçirilən ən yaxşı instalyasiya müsabiqəsinin qalibi olmuş Bakı Avropa Liseyinin şagirdləri tərəfindən hazırlanmış “Eynşteynin portreti” paneli də yer alıb.