İQTİSADİYYAT
YERLİ İSTEHSALÇILAR DAXİLİ BAZARI HEYVANDARLIQ MƏHSULLARI İLƏ TAM TƏMİN EDƏ BİLİRLƏR
Respublikamızda aqrar sahə keçid dövrünün çətinliklərini dəf edə-edə bazar münasibətlərinə uyğunlaşır. Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, artıq yerli istehsalçılar daxili bazarı keyfiyyətli heyvandarlıq məhsulları ilə tam təmin edə bilirlər. Halbuki, vaxtilə hər il ittifaq fondundan respublikaya ət, süd məhsulları, yumurta gətirilsə də, tələbat ödənilmirdi.
Qazanılan uğur Prezident Heydər Əliyev təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar, dövlət tərəfindən istehsalçılara yaradılan əlverişli şərait nəticəsində mümkün olmuşdur. Məhz dövlətin qayğısı sayəsində 1996-cı ildən kənd təsərrüfatı məhsulları istehsalında yüksək artım başlanmışdır. 1999-cu ildə bu artım 7,2 faiz, 2000-ci ildə 12,1 faiz, 2001-ci ildə 11,1 faiz olmuşdur.
Aqrar islahatların dərinləşməsi və kənd təsərrüfatında sahibkarlığa dövlət səviyyəsində kömək fermerləri daha həvəslə işləməyə sövq edir. Bu ilin 11 ayında ölkədə ət istehsalı 5,3 faiz, süd 4,3 faiz, yumurta 11 faiz, yun 2,8 faiz artmışdır. Təhlillər göstərir ki, illik artım 6 faizdən az olmayacaqdır.