Yevlaxda görkəmli elm xadimi Zərifə Əliyevanın xatirəsi anılıb








Yevlax, 25 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyəti və “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərin xatirəsi anılıb.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxışında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin anası Zərifə хanımın zəngin mənəviyyata sahib əsl ziyalı kimi keçdiyi ömür yolunun gənclərimizə parlaq nümunə olduğunu vurğulayıb. Bildirib ki, Zərifə xanım özündə əsl Azərbaycan qadınının ideal obrazını cəmləşdirib. Zərifə xanım Əliyeva peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim olub. O, həkim peşəsini vicdanla yerinə yetirərək, oftalmoloq-alim kimi həmişə insanların sağlamlığının qayğısına qalıb. Zərifə xanımın nəcib fəaliyyəti, insanlara göstərdiyi diqqət və qayğı ona qəlblərdə əbədiyaşarlıq qazandırıb.
Milli Məclisin deputatı İlham Məmmədov, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Fazil İsmayılov çıxışlarında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu vurğulayaraq, akademikin Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən və böyük alimin xalqımız qarşısında əvəzsiz xidmətlərindən geniş danışıblar.
Tədbirin sonunda Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının musiqiçilərinin ifasında musiqi nömrələri səsləndirilib.