Yevlaxda Heydər Əliyev prospektində yenidənqurma işlərinə başlanılıb
Yevlax, 22 avqust, AZƏRTAC
Yevlax şəhərinin Heydər Əliyev prospektində abadlıq və yenidənqurma işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev prospektində intensiv hərəkət nəticəsində tamet daşlarından ibarət örtüyünün üst qatında aşınmalar meydana gəlmişdi. Buna görə də aşınma qatının yenilənməsinə ehtiyac yaranmışdı. Hazırda istismara yararsız olan tamet daşları yol örtüyündən götürülür, prospekt yeni asfaltın salınması üçün hazırlanır.
Prospektdə işlər kommunikasiya xətlərinin çəkilişini həyata keçirən qurumlarla birgə aparılır. Sonuncu mərhələdə yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.
Həyata keçirilən quruculuq işləri Yevlax sakinləri tərəfindən razılıqla qarşılanır. Onlar aparılan abadlıq-quruculuq işlərinə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.