Yevlaxda “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimatı keçirilib
Yevlax, 10 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlaxda “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılıb. Şanlı Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı, həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoyub. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi var və hamımız bunun şahidiyik. O, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı günün uzaqda olmadığını bildirib.
Milli Məclisin deputatları Əli Hüseynli, İlham Məmmədov, Qərbi Azərbaycan İcması aparatının elmi işçisi Şəmsi Qocayev, Qərbi Azərbaycan İcmasının Yevlax nümayəndəliyinin rəhbəri Surəddin Rüstəmov çıxışlarında vurğulayıblar ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir. Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllər cəzasız qaldığı üçün Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Düşmən xalqımıza qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirmədi, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin Yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktları törətdi. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılır.
Diqqətə çatdırılıb ki, bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma, “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi Azərbaycan, ingilis, rus dillərində çap edilib. Kitabın müəllifləri
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı alim Səbuhi Hüseynovdur.