REGİONLAR
Yevlaxda Qurtuluş Günü münasibətilə bayram konserti FOTO
Yevlax, 16 iyun, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhər Heydər Əliyev Parkında baş tutan konsertin aparıcıları Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin davamlılığının təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. Dahi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim -“Azərbaycançılıq” ideologiyasını da yaratdı.
Bildirilib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük müharibə nəticəsində torpaqlarımız erməni işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Vətən müharibəsində əldə etdiyimiz parlaq Qələbə və ümumilikdə Azərbaycanın saysız-hesabsız uğurlar qazanması bir daha onu göstərdi ki, müstəqil Azərbaycanın Qurtuluşuna imza atmış tarixi şəxsiyyətin ideyaları yaşayır və əbədi olaraq yaşayacaq!
Milli Qurtuluş Gününə həsr edilmiş bayram tədbiri konsert proqramı ilə davam edib.