Yoldaşının ad günündə iş adamının evi yandı VİDEO
Tovuz, 24 iyul, R.Novruzoğlu, AZƏRTAC
Tovuz rayonunun Qovlar şəhəri, Mirzə Ələkbər Sabir küçəsində Sürayə İsmayılovaya məxsus ikimərtəbəli fərdi evdə yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə zamanı evin həyətində olan "Mercedes Viano" və "VAZ 2107" markalı avtomobillər də yanıb.
Yanğın zamanı ev sahibi yoldaşının ad günü münasibətilə tort almağa gedib, bu zaman ona evinin yanması barədə xəbər gəlib.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının miqyası 400 kvadratmetr sahəni əhatə edib. Daha sonra yanğın qonşuluqdakı Eltəkin Əlizadəyə məxsus evə də keçib.
Hadisə yerinə dərhal FHN-in Qovlar şəhər və Tovuz yanğın söndürmə briqadaları cəlb olunub. Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb. Ümumilikdə yanğın 3 evi əhatə edib.
Faktla bağlı araşdırma aparılır.