YT Park və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 24 iyun, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə KOICA Azərbaycan ofisinin proqram koordinatorları Yeojun Kim və Səidə Səidi iştirak ediblər.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd Koreya ilə innovasiya sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsinə, bu ölkənin qeyd olunan sahədəki zəngin təcrübəsinin YT Parkda tətbiqinə nail olmaqdır.
Görüşdə texnoparkda həyata keçirilən layihələr, burada mövcud olan maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə ətraflı məlumat verilib. Bildirilib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması YT Parkın əsas məqsədlərindəndir.
Vurğulanıb ki, Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən Koreya investor və şirkətləri üçün YT Parkda potensial şərait mövcuddur.
Görüşdə, həmçinin YT Parkın strateji hədəflərə çatmaq üçün kifayət qədər geniş perspektivlərə malik olduğu qeyd edilib, iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.
Yeojun Kim Koreya Respublikasının uğurlu innovasiya siyasətindən bəhs edib. O, Koreya təcrübəsinə olan yüksək münasibətə görə təşəkkürünü bildirib, KOICA-nın Yüksək Texnologiyalar Parkının qarşıya qoyduğu vəzifələri həyata keçirməsində dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Görüş zamanı əməkdaşlıq istiqamətləri və planlar müzakirə edilib. İki qurum arasında ortaq istiqamətlərdə səmərəli əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.