Yüksək Texnologiyalar Parkı beynəlxalq şirkətlə əməkdaşlığa başlayır
Bakı, 18 dekabr, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) ilə “İntertek Azeri LTD” MMC arasında Texnoparkın nəzdində fəaliyyət göstərən Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə əməkdaşlığa dair müqavilə imzalanıb. Sənədə əsasən mərkəzin imkanlarından birgə istifadə etməklə təcrübə-test-sınaq işlərinin təşkili nəzərdə tutulur.
YT Parkdan AZƏRTAC-a bildirilib ki, dünya miqyasında sənaye üçün aparıcı keyfiyyət təminatçısı olan “İntertek” şirkəti 100-dən artıq ölkədə 1000-dən çox laboratoriya və ofisdən, eləcə də 46 mindən çox əməkdaşdan ibarət şəbəkəni əhatə edir. Şirkət innovativ və sifariş əsaslı zəmanət, test, yoxlama və sertifikatlaşdırma həlləri təqdim edir.
Şirkətin ölkəmizdəki nümayəndəliyi “İntertek Azeri LTD” MMC 1997-ci ildən laboratoriya, sertifikasiya və inspeksiya sahələri üzrə aparıcı müəssisələrdən biri olmaqla, neft, kimya, dağ-mədən, su və qida, turizm, dəniz və hava nəqliyyatı və digər sahələr üzrə xidmət göstərir.
AMEA YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınaqları, eləcə də digər eksperimentlər həyata keçirilir. Müasir tələblərə cavab verən və ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş bu laboratoriyanın fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi və yeni əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə mütəmadi olaraq işlər görülür.