YUNESKO-NUN AZƏRBAYCAN MİLLİ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, iştirakçılar əsasən YUNESKO Baş Konfransı 32-ci sessiyasının yekunları və Azərbaycan Milli Komissiyasının 2004-cü ildə vəzifələri, İçərişəhərlə bağlı yaranmış vəziyyət və Azərbaycan muğamının bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunması ilə əlaqədar zəruri tədbirlərə dair məsələləri müzakirə etmişlər.
İclası Milli Komissiyanın sədri V.Quliyev açaraq, 2003-cü ildə YUNESKO-Azərbaycan əməkdaşlığı çərçivəsində görülən işlər, o cümlədən təşkilatın Baş Konfransı 32-ci sessiyasının nəticələri haqqında məlumat vermişdir.
Sonra Milli Komissiyanın üzvləri təhsil naziri Misir Mərdanov, mədəniyyət naziri Polad Bülbüloğlu, gənclər, idman və turizm naziri Əbülfəs Qarayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Nəşriyyatının direktoru Azər Mustafazadə, Slavyan Universitetinin rektoru Kamal Abdullayev məruzə ətrafında çıxış etmişlər.
Sonra V.Quliyev 2003-cü il noyabrın 7-də Parisdə Azərbaycan muğamının bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunması haqqında diplomu mədəniyyət nazirinə təqdim etmişdir.
Bu hadisənin Azərbaycan üçün mühüm əhəmiyyətə malik olması və eyni zamanda muğamın qorunması, inkişaf etdirilməsi və yayılması istiqamətində bir sıra tədbirlərin zəruriliyi qeyd edilmişdir.
Daha sonra iştirakçılar İçərişəhər ətrafında yaranmış vəziyyətlə bağlı öz narahatlıqlarını bildirmişlər. Azərbaycan Prezidentinin ötən il fevral ayının 17-də İçərişəhərin bərpası və qorunmasına dair imzaladığı Fərmanın yetərincə yerinə yetirilməməsi və abidənin 2003-cü ilin iyul ayında YUNESKO-nun təhlükədə olan abidələr siyahısına salınması təəssüflə qeyd edilmişdir. İştirakçılar Azərbaycan tarixi və mədəniyyəti baxımından mühüm əhəmiyyətə malik bu abidənin qorunması üçün təcili tədbirlərin zəruri olduğunu vurğulamışlar.