Yuxarı Qarabağ Kanalı-Beyləqan avtomobil yolu yaxın günlərdə istifadəyə veriləcək VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 137-ci kilometrindən ayrılan və 26 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən III texniki dərəcəli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidən qurulması yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, yol yaxın günlərdə vətəndaşların istifadəsinə veriləcək. Hazırda yolun sözügedən hissəsində yenidənqurma işləri davam etdirilir. Yolboyu müasir yol infrastrukturunun yaradılması istiqamətində əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Avtomobil yolu III texniki dərəcəyə uyğun iki hissə üzrə yenidən qurulur. 1-ci hissə yolun 0-10 kilometrliyini, 2-ci hissə isə 10-15 kilometrliyini əhatə edir.
Layihəyə uyğun olaraq 6700 kubmetr həcmdə yararsız asfalt beton örtüyü sökülüb, torpaq yatağının 40 min kubmetr həcmdə deformasiyaya uğramış hissələri ekskavatorla qazılaraq çıxarılıb. Qazılmış hissələrin yenidən bərpası və tələb olunan hissələrdə yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün 68 min kubmetr həcmdə qrunt tökülərək yayılıb və kipləşdirilib, təbii karxana çınqılı materialından 38 min kubmetr torpaq yatağının tikintisi işləri aparılıb.
Analoji işlər respublika əhəmiyyətli Yuxarı Qarabağ Kanalı-Beyləqan-Daşburun avtomobil yolunun Beyləqan şəhəri daxilindən keçən 5 kilometrlik hissəsində də aparılır. Yolun yenidən qurulması zamanı 86 min kvadratmetr sahədə mövcud asfalt-beton örtüyünün frez maşını ilə profilə salınıb, 15 min kubmetr həcmdə yolun deformasiyaya uğramış hissələri qazılıb çıxarılıb, ardınca 35 min kvadratmetr sahədə ümumi hündürlüyü 45 santimetr olan karxana çınqılı və optimal-çınqıl qarışığından əsasın alt və üst layının tikintisi işləri görülüb.
AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, layihə çərçivəsində yolun 1,7 və 14-cü kilometrliklərində yerləşən 48, 21, 22,5 və 19 metr uzunluqlara malik 4 mövcud körpünün də təmir işləri aparılır. Artıq yolun 1-ci və 7-ci kilometrində yerləşən 48 və 21 metr uzunluğa malik iki körpüdə yeni körpü məhəccərləri quraşdırılıb, köhnə dəmir-beton gediş tavası və təkərqaytaranlar sökülərək monolit dəmir betonla yeniləri inşa edilib və asfaltlanma işləri aparılıb.
Avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ümumi uzunluğu 5,3 kilometr olan daha 2 yolu əsaslı şəkildə bərpa olunacaq. Söhbət Şəfəq qəsəbəsinin daxilindən keçən 3 kilometrlik və ziyarətgaha gedən 2,3 kilometrlik yoldan gedir. Bundan başqa, mövcud yararsız suötürücü borular yenisi ilə əvəz ediləcək, kommunikasiya xətləri üçün ehtiyat borular quraşdırılacaq. Layihənin sonuncu mərhələsində 3 yerdə avtobus dayanacağı quraşdırılacaq, hərəkətin normal təşkili üçün 73 kilometr uzunluğunda yol-cizgi və yolgöstərici xətlər çəkiləcək, 68 yol nişanı, 10 kilometr göstəricisi və 500 siqnal dirəyi quraşdırılacaq.