Zəlzələ ocağında gərginlik tədricən azalır
Zaqatala, 24 may (AZƏRTAC). Zəlzələ ocağında gərginlik tədricən azalır.
Bu fikri AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi Zaqatala Telemetrik Seysmoloji Stansiyasının müdiri Kamal Dəmirov AZƏRTAC-a müsahibəsində bildirmişdir.
Qurumun təmsilçisinin bildirdiyinə görə, stansiya zəlzələnin baş verdiyi gündən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Dövlət başçısının göstərişinə uyğun olaraq, zəlzələ zonasında baş verən seysmik prosesləri izləmək üçün Seysmoloji Xidmət Mərkəzi tərəfindən ərazidə 9 seysmoloji və geomaqnit sahəsinin gərginlik vəziyyətinin dəyişmələrini müəyyən etmək üçün bir geofiziki stansiya quraşdırılmışdır. Bu stansiyalardan biri Balakən rayonunun Katex kəndində, digəri Qax rayonunun Süskən kəndi ərazisində, qalanları isə Zaqatala rayonu ərazisində fəaliyyət göstərir.
Stansiyaların hamısı ABŞ istehsalı olan ən müasir cihazlardır. Bu cihazların köməyi ilə qeydə alınan məlumatlar peyk rabitəsi vasitəsilə bir neçə saniyə ərzində Seysmoloji Xidmət Mərkəzinə ötürülür.
K.Dəmirovun sözlərinə görə, mayın 7-dən sonra zəlzələ bölgəsində 3 dağıdıcı təkan da daxil olmaqla, 3-5 bal gücündə, hiss olunan 19 yeraltı təkan qeydə alınmışdır. Yüksək həssaslığı olan bu cihazlar isə minlərlə təkan qeydə almışdır.
Aparılmış təhlillər onu göstərir ki, zəlzələ ocağında gərginlik get-gedə azalır. Son günlər çox az sayda hiss olunan təkanlar qeydə alınmışdır. Ocağın müəyyən hissəsində toplanmış enerji bəzi ərazilərdə ola bilsin ki, hiss olunan təkanlar yarada bilər. Lakin bu təkanlar əhali arasında heç bir narahatçılıq doğurmamalıdır.