“Zəlzələ zamanı davranış qaydaları” mövzusunda növbəti təlim keçirilib
Bakı, 12 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq orta məktəblərdə “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mayın 12-də RSXM-nin əməkdaşları Bakı şəhəri, Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində təlim keçiblər. Təlim zamanı mərkəzin Maqnitometriya şöbəsinin kiçik elmi işçisi Aygün Sultanova iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verib. Həmçinin mərkəz əməkdaşları tərəfindən şagirdlərə zəlzələ zamanı davranış qaydalarına dair bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.