ZƏRDABDA İDMAN BAYRAMI
Zərdab Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin 2007-ci ilin Gənclər ili elan edilməsi barədə Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonda genişmiqyaslı silsilə tədbirlər həyata keçirilir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək!” layihəsi çərçivəsində mart ayı rayonda “Yaşıllıq ayı” elan edilmişdi. Layihə çərçivəsində keçirilmiş ümumrayon tədbirlərində gənclərin fəal iştirakı ilə şəhərin küçə və prospektlərində, park və xiyabanlarında, qəsəbə və kəndlərdə 10 mindən çox ağac və müxtəlif növ güllər əkilmişdir.
Aprelin 14-də rayonda keçirilmiş idman bayramında isə gənclər şəhərin mərkəzi stadionunda idmanın 12 növü, o cümlədən futbol, stolüstü tennis, şahmat, dama, 100 və 1000 metr məsafələrə qaçış, uzununa tullanma və digər növlər üzrə yarışmışlar.
Ümumi hesabda rayon təhsil şöbəsinin komandası birinci, suvarma sistemləri idarəsinin komandası ikinci, mərkəzi rayon xəstəxanasının komandası isə üçüncü yerləri tutmuşlar. Qaliblər RİH və gənclər və idman idarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Tədbir iştirakçıları 2007-ci ilin Gənclər ili elan olunması münasibətilə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, onlara göstərilən qayğıya əməli işlə cavab verəcəklərini söyləmişlər.