Zoran Çarapiç: Bu gün Xorvatiya azərbaycanlı turistləri üçün olduqca yaxındır
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 6-da paytaxtın “Boulevard Hotel Baku” otelində Xorvatiyanın turizm potensialının təqdimatı keçirilib. Təqdimat Xorvatiya Respublikasının Bakıdakı diplomatik nümayəndəliyinin dəstəyi ilə bu ölkənin “Atlantis Travel” turoperatoru tərəfindən təşkil olunub. Xorvatiyada istirahət və müalicə imkanlarına həsr olunmuş tədbirdə Azərbaycanın turizm şirkətləri və tibb müəssisələrinin nümayəndələri iştirak ediblər. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, Xorvatiyanın Bakıdakı diplomatik missiyasının əməkdaşları, habelə Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex Ffəxri qonaqlar sırasında olublar.
“Atlantis Travel” şirkətinin direktoru Zoran Çarapiçin sözlərinə görə, tədbirin əsas məqsədi Azərbaycanın turizm bazarının peşəkarlarını Xorvatiyanın turizm potensialı ilə tanış etməkdir. O deyib: “Mənzərəli Xorvatiya turistlərə Adriatik dənizinin çimərliklərində şam ağacları və qayaların əhatəsində dəniz məhsulları ilə zəngin ləziz yeməkləri və mineral bulaqlarda müalicəni təklif edir. Ötən il 14 milyon turistin gəldiyi ölkə yüksək təhlükəsizlik səviyyəsi və gözəl otel infrastrukturu ilə fərqlənir. Azərbaycan vətəndaşları üçün Xorvatiyaya vizanın qiyməti 35 avrodur və birbaşa bir ildən üç il müddətinədək verilir. Bu isə çox rahatdır. Xorvatiyaya, həmçinin Şengen vizası ilə getmək olar. Lakin bu zaman turist əvvəlcə viza verilən səfirliyin ölkəsinin sərhədini keçməlidir. Nəhayət, hazırda Bakıdan Zaqreb şəhərinə birbaşa uçuş məsələsi həll olunur. Bu isə ölkələrimiz arasında turist axınlarının artmasına xidmət edəcək”.
Tədbirdə Xorvatiyanın peşəkar təşkilatları - “CDP” artıq çəki ilə mübarizə mərkəzi, mehmanxanalar üçün unikal SPA-kompleksləri hazırlayan “Medical Spa & Wellness Group” şirkəti, tibb və sanatoriya-kurort müəssisələrinin nümayəndələri Xorvatiyada müalicə turizminin imkanları haqqında danışıblar.
Z.Çarapiç sonda deyib: “Azərbaycanlılar Xorvatiya ilə bu ölkənin hələ Yuqoslaviyanın bir hissə olduğu sovet dövründən yaxşı tanışdılar. “Adriatik dənizinin mirvarisi” adlandırılan Dubrovnik şəhəri istirahət imkanları ilə hələ o zaman dillər əzbəri olub. Əgər o vaxtlar xaricdə istirahət bir çoxları üçün xəyal idisə, indi Xorvatiya Azərbaycan turistləri üçün görünməmiş dərəcədə yaxındır. Xorvatiyanın İstriya, Dubrovnik, Dalmasiya, Slavoniya və digər şəhər və regionları Azərbaycandan olan turistlərin üzünə həmişə açıqdır”.
Emil Eyyubov
Məxsusi AZƏRTAC üçün