Xaçmazda “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıblar VİDEO
Xaçmaz, 16 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində seçilən şagirdlər mükafatlandırılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində rayon üzrə seçilən qaliblərə xüsusi mükafat və diplom verilib.
IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin rayon mərhələsində 50-dən çox şagird iştirak edib. Yarışmada Jalə Səfərəliyeva birinci, Elvira Zeynalova ikinci, Aysel Əmirova üçüncü yerə layiq görülüblər.
Mükafatlandırma mərasimində çıxış edənlər builki qəbul imtahanlarında 700 bal toplayan Xaçmaz məktəblisi Jalə Rəcəbovanı da təbrik edib ona təhsilində uğurlar arzulanıb. Jalə Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin XI sinfində oxuyur.
YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova müsabiqənin keçirilməsinin əsas məqsədinin müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirmək olduğunu diqqətə çatdırıblar.