REGİONLAR
Yaponiya hökumətinin dəstəyi ilə Tərtərin Qaradağlı kənd tam orta məktəbinin binası təmir olunub VİDEO
Tərtər, 7 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
İyunun 7-də Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində icra olunan “Tərtər rayonunun Qaradağlı kəndində tam orta məktəbin təmiri” layihəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Bildirib ki, bələdiyyələr, tibb institutları və QHT-lərin təqdim etdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” layihələrinin məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılmasını dəstəkləməkdir. Proqram çərçivəsində indiyədək Azərbaycanın bölgələrində səhiyyə, sosial müdafiə, yoxsulluğun azaldılması, gəlirlərin yüksəldilməsi, infrastrukturla bağlı ümumi dəyəri 19 milyon 983 min 599 ABŞ dolları olan 234 layihə üzrə qrant müqaviləsi imzalanıb.
Diqqətə çatdırılıb ki, Yaponiya hökuməti Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verir. Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardımı iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği 1,1 milyard ABŞ dollarını keçib.
Hazırkı layihə Yaponiya hökumətinin Tərtər rayonunda həyata keçirdiyi 3-cü layihədir. Ümumi məbləği 90 min 909 ABŞ dolları olan “Tərtər rayonunun Qaradağlı kəndində tam orta məktəbin təmiri” layihəsindən məktəbin 400 şagirdi yararlanacaq. Layihə çərçivəsində məktəbin birinci korpusunun ikinci mərtəbəsi, o cümlədən 5 sinif otağı, dəhliz və pilləkən əsaslı təmir edilib.
Səfir məktəb binasının təmiri nəticəsində təhsilin səviyyəsinin yaxşılaşacağına, şagirdlərin yüksək biliklər alaraq Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlığın yüksək səviyyədə olduğunu, əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırıb, ölkəmizdə, o cümlədən Tərtər rayonunda təhsil sahəsində görülən işlərdən, qazanılan uğurlardan bəhs edib. Müstəqim Məmmədov cəbhə bölgəsində həyata keçirilən humanitar layihəyə görə tərtərlilər adından Yaponiya hökumətinə təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən müəllim, şagird və valideynlər göstərilən diqqət və qayğıya görə dövlətimizə və Yaponiya hökumətinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbir iştirakçıları sonra məktəbdə yaradılan şəraitlə tanış olublar.