ELM VƏ TƏHSİL


Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb VİDEO

Bu tədris ilindən etibarən 10 çinli gənc Azərbaycan dilini ixtisas kimi öyrənəcək

Pekin, 25 sentyabr, AZƏRTAC

Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu tədris ilindən etibarən bakalavr təhsil pilləsi üzrə 10 çinli gənc Azərbaycan dilini ixtisas kimi öyrənəcək. 2018-2019-cu tədris ilinin başlanması münasibətilə keçirilən açılış mərasimində universitetin rektoru Pen Lon bildirib ki, 90-dan çox xarici dilin tədris olunduğu PXDU-da bu ildən 10-a yaxın yeni dil, o cümlədən Azərbaycan dili ixtisas kimi tədris olunacaq.

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan dili ixtisası üzrə universitetə qəbul olunan gənclərlə görüşərək, onların gələcəkdə iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığa töhfə verəcəklərinə əminliyini bildirib. Diplomat dövlətimizin Azərbaycan dilinin tədrisi ilə bağlı universitetə hər cür dəstək göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, PXDU-da Azərbaycan dilinin ikinci dil kimi tədrisinə ötən ilin ikinci semestrindən başlanılıb. Ötən müddətdə 42 tələbə Azərbaycan dili dərslərində iştirak edib.

Əsasən Çin Xarici İşlər Nazirliyi və ölkənin digər dövlət qurumları üçün kadrların hazırlanması ilə məşğul olan Pekin Xarici Dillər Universitetinin 87 ölkədən 451 təhsil ocağı ilə müxtəlif səviyyələrdə əlaqələri mövcuddur. Cari ilin aprelində universitetin rektoru Pen Lonun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər edərək, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, müəllim və tələbə mübadiləsinin təşkili, birgə kadr hazırlığı məsələlərini müzakirə edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.