İstanbulda IV Etnospor Mədəniyyət Festivalında 16 ölkə təmsil olunur VİDEO
İstanbul, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də İstanbulda dördüncü Etnospor Mədəniyyət Festivalının açılışı olub.
AZƏRTAC xəbər verir ki, müxtəlif xalqların etnik mədəniyyətlərinin nümayiş olunacağı bu festivalda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkmənistan, Nigeriya, Sudan, Qazaxıstan, Mərakeş, Fil Dişi Sahili, Fələstin, İraq, Özbəkistan, Pakistan, Rumıniya və Zimbabve olmaqla dünyanın 16 ölkəsinin nümayəndələri iştirak edir. Bu məqsədlə Azərbaycan Dövlət Sərhəd Xidmətinin 50 nəfərlik heyəti İstanbula səfər edib.
Dünya Etnospor Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Qarabağ atlarından ibarət suvari dəstə və Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının “Qarabağ atları və Azərbaycan kəlağayısı” kompozisiyası ilə təmsil olunur.
Tədbirdə çıxış edən Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan hər xalqın öz mədəniyyəti ilə tanındığını bildirib. O, əcdadlarımızdan bizə yadigar qalan milli dəyər və mədəniyyətimizin gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb. Bu il Türkiyədə dördüncü dəfə keçirilən festivalın artıq dünyada maraqla qarşılandığını deyən B.Ərdoğan tədbirə rəhbərlik etməkdən qürur duyduğunu bildirib.
İstanbulun Atatürk Hava Limanında dörd gün davam edəcək festivalda dözüm, qətiyyət və mübarizəni özündə əks etdirən oxçuluq, yağlı güləş, at yarışları, oxatma da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Festivalda minə yaxın idmançının müxtəlif kateqoriyalar üzrə qızıl medal uğrunda mübarizə aparacağı gözlənilir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul