Xaçmazda məişət tullantılarının atıldığı ərazidən qumbara və patronlar aşkarlanıb VİDEO
Xaçmaz, 1 iyul, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Niyazabad kəndi ərazisində məişət tullantılarının atıldığı ərazidə silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək həmin ərazidə üzərində partladıcısı olmayan 6 ədəd F-1 əl qumbarası, 361 ədəd 7,62, 96 ədəd 5,45, 16 ədəd 9, 7 ədəd 12,7 və 14,5 millimetrlik patron aşkar ediblər.
Əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşlarına təhvil verilib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.