SİYASƏT
Xarici ölkələrin Ukraynadakı hərbi attaşelərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verilib VİDEO
Kiyev, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də Azərbaycanın Kiyevdəki səfirliyində xarici ölkələrin Ukraynadakı hərbi attaşelik aparatının nümayəndələrinə Ermənistanın hərbi təxribatına, müharibə cinayətlərinə qarşı Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verilib.
Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi polkovnik İlqar Ağayev görüşdə çıxış edərək bildirib ki, sentyabrın 27-də erməni silahlı birləşmələrinin cəbhə xəttindəki təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu cəbhəyanı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək və işğal altındakı əraziləri azad etmək üçün əks-hücum əməliyyatına başlayıb.
Hərbi attaşelərə bu günədək davam edən əks-hücum əməliyyatları nəticəsində azad olunmuş ərazilər haqqında məlumat verilib. Bununla bağlı edilən videotəqdimatda Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, Ermənistanın mülki insanlarımızı qətlə yetirməsi, böyük, strateji şəhərlərimizin raket hücumuna məruz qalması, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı və digər məsələlər əksini tapıb.
İlqar Ağayev vurğulayıb ki, Ermənistan Livandan, Suriyadan muzdlu döyüşçüləri və terrorçuları hərbi əməliyyatlara cəlb edib. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, habelə Ermənistanın müvafiq beynəlxalq öhdəliklərini pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu qəsdən hədəfə alır. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində oktyabrın 7-si saat 12:00-a olan məlumata görə, həlak olmuş şəxslərin sayı 28-ə, xəsarət alanların sayı isə 144-ə çatıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya atəşi və raket hücumları nəticəsində 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib.
Həmçinin vurğulanıb ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, sənaye şəhəri Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi şəhərləri, habelə Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və böyük əhəmiyyətli infrastrukturunun Ermənistan ərazisindən məqsədyönlü şəkildə raket hücumlarına tutulması hərbi əməliyyatlar zonasını genişləndirmək və münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdən təxribatdır.
Məlumat verilib ki, bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrindən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib. Sentyabrın 27-dən oktyabrın 7-si saat 05:30-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası, 1 ədəd “S-300” zenit-raket kompleksi məhv edilib.
Sonra iştirakçıların sualları cavablandırılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev