REGİONLAR


İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisindəki sərhəd zastavalarında dövlət bayrağımız dalğalanır

Zəngilan, 8 noyabr, Məhərrəm Əlioğlu, foto Aydın Məmmədov, AZƏRTAC

İşğaldan azad edilmiş Zəngilan rayonu ərazisindəki “Məmmədbəyli”, “Şərifan”, “Muğanlı”, “Tiri” və “Mincivan” sərhəd zastavaları üzərində 9 noyabr - Bayraq Günü ərəfəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başlayıblar.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu münasibətlə təşkil olunmuş tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi yad edilib.

Mərasimdə bildirilib ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyinin təminatı üçün son dərəcə vacib hadisə olub və hər bir Azərbaycan sərhədçisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 19-da Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və Dövlət Sərhəd Xidmətinin (DSX) iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad olunması münasibətilə DSX-nin şəxsi heyətini təbrik etməsi, oktyabrın 22-də isə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsinin təmin olunması münasibətilə bütün Azərbaycan xalqını təbrik etməsi dövlət sərhədlərinin mühafizəsi məsələlərinə Müzəffər Ali Baş Komandan səviyyəsində verilən böyük önəmin xüsusi ifadəsi olub.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən bu ərazilərdə xidməti-döyüş fəaliyyətinin təşkil edilməsi, zəruri sərhəd mühafizəsi sisteminin, düşmənin ərazidən qaçarkən bilərəkdən dağıtdığı, ziyan vurmaqla sıradan çıxartdığı binaların və mühüm infrastrukturun bərpası istiqamətində hazırda təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Tədbirdə sentyabrın 27-dən bu günədək işğal altında olan 218 kənd və qəsəbənin, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhərlərinin, bu gün isə Şuşa şəhərinin düşmən tapdağından azad edilməsinin Müzəffər Ali Baş Komandanı olan Azərbaycan Silahlı Qüvvələrinin, Qüdrətli Prezidenti olan Azərbaycan dövlətinin, müdrik və qətiyyətli lideri olan Azərbaycan xalqının böyük qələbəsi olması xüsusi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında ən yaxın müddətdə dövlət bayrağımızın işğaldan azad ediləcək bütün ərazilərdə dalğalanacağına əminlik ifadə olunub.

Azərbaycan-İran dövlət sərhədinin Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülməsinin böyük hərbi-siyasi və iqtisadi əhəmiyyət daşıması, İran İslam Respublikasının sərhəd mühafizə orqanları ilə faydalı əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etməsi, Azərbaycan və İran sərhədçilərinin bilavasitə dövlət sərhədində qarşılıqlı əlaqələrinin və birgə fəaliyyətlərinin sərhəd təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb etməsi xüsusi qeyd edilib.

Dövlət sərhədində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin hərbi vətənpərvərlik ruhunun yüksək olması, Vətən sərhədlərinin keşiyində qürurla xidmət etmələri, işğaldan azad edilən sərhəd zastavalarında ən qısa müddətdə müasir sərhəd mühafizə infrastrukturunun formalaşdırılacağı, hərbi qulluqçular və onların ailə üzvləri üçün zəruri xidmət və yaşayış şəraitinin yaradılacağı bildirilib.

Zabit Aftandil Abbasov jurnalistlərə açıqlamasında deyib ki, bu hiss unudulmayacaq bir hissdir. Çünki bizim arzularımız torpaqlarımızı tezliklə işğaldan azad edilməsi istiqamətində olub. Biz Müzəffər Ali Baş Komandanın əmrini gözləmişik və bu əmr verildikdən sonra var gücümüzlə bu torpaqların azad olunması istiqamətində verilən tapşırıqları yerinə yetirmişik. Şükürlər olsun ki, bu günlər torpaqlarımız işğaldan azad olunub və bu ərazilər artıq Azərbaycan sərhədçilərinin mühafizəsi və müdafiəsindədir. Azərbaycan Şuşada bayrağı sancıb, Şuşa işğaldan azad olunub. Bu torpaqların azad olunması bizə sevincdən başqa bir hiss gətirmir. Bu, əbədi bir sevincdir.

İşğaldan azad olunmuş sərhəd zastavalarında xidmət aparan kapitan Emin Soltanzadə, kiçik gizir Natiq Şəmmədov və əsgər Nihad Quliyev AZƏRTAC-müsahibələrində qeyd ediblər ki, dövlət sərhədlərini mühafizə etməkdən şərəf duyurlar: “Fəxr edirik ki, sərhədçiyik və Vətən hüdudlarının mühafizəsi bizə etibar edilib. Sevinirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanın əsgəri, giziri, zabitiyik.

Yaşasın Azərbaycan!

Yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.