REGİONLAR
Ağstafada ümumi uzunluğu 37 kilometr olan iki avtomobil yolu layihəsi icra olunur VİDEO
Bakı, 27 may, AZƏRTAC
Ağstafa rayonunda 5 kilometr uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 2,6 kilometr olmaqla 2 yaşayış məntəqəsinin 2 mindən çox əhalisinin rahat gediş-gəlişini təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsi 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir.
Hazırda tikinti layihəsinə uyğun yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır.
Yolun müəyyən hissəsində genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton borular quraşdırılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yolboyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılacaq.
Qeyd olunub ki, 2021-ci ildə yenidən qurulması və əsaslı şəkildə bərpası nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı tərtib olunmuş tədbirlər planına əsasən, Ağstafa rayonunda “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən 32 kilometr uzunluğa malik II texniki dərəcəli yeni avtomobil yolunun da inşası davam etdirilir.
“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən avtomobil yolu başlanğıcını yerli əhəmiyyətli Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 38-ci kilometrindən götürür. Layihə çərçivəsində yolun torpaq yatağının eni 15 metr, asfalt-beton örtüyünün eni isə 9 metr təşkil edəcək.
Hazırda yeni yolboyu yararsız qrunt qazılaraq çıxarılır, yeni yol yatağı inşa edilir. Bundan başqa, yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün işlər görülür, yol yatağı genişləndirilir.
Bu işlərə paralel olaraq, yolun altından suların ötürülməsi üçün yeni suötürücü boruların quraşdırılması, həmçinin digər süni qurğuların inşası işləri də icra edilir.
Ağstafa rayonunda həyata keçirilən hər iki layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur.
Tərtib olunmuş qrafikə uyğun aparılan işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə agentlik tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.