REGİONLAR
Xaşa bitkisi və yonca toxumlarının sınaq əkini sahələrində yüksək çıxış əldə olunub VİDEO
Saatlı, 5 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Saatlıda yonca toxumu və xaşa bitkilərinin 11 sortunun sınaq üçün əkini aparılıb. Məqsəd yerli və xarici sort toxumların müqayisəsi, bölgəyə daha uyğun toxumların seçilməsidir. Artıq sınaq sahələrində yüksək çıxış əldə olunub. Yüksək məhsuldarlığa malik olan toxumların nəticələri alimlər və fermerlər tərəfindən müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sınağı aparılan yonca toxumlarının beşi xarici, altısı isə yerli sortdur. Əsas məqsəd regionun iqliminə uyğun toxumların seçilməsidir. Həmçinin yonca toxumları ilə yanaşı, burada xaşa bitkisinin sınaq əkini də həyata keçirilib. Xaşa bitkisi qeyri-ənənəvi bitki olduğu üçün əkini az aparılır. Lakin tərkibinə görə yoncadan da üstün sayılır. Bu bitkinin gələcəkdə heyvandarlıqda yem bazası kimi istifadə edilməsidir.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Arif Zamanov bildirib ki, bitkilərin əkini ilə yanaşı, həm də onların nümayişi aparılır. Fermerlərə daha məhsuldar toxumlardan istifadə etmələri tövsiyə olunur.
“Bu dəfə əkin zamanı xarici sortlardan “Marmilla”, yerli sortlardan isə “Saatlı” yonca sortu daha çox çıxış verib. Həmçinin xaşa bitkisinin inkişafı da bu ərazidə yaxşı alınıb. Xaşa bitkisi də yem bazası üçün qiymətli sayılır. Bu bitkinin əkininin genişləndirilməsi heyvandarlığın inkişafına şərait yarada bilər”, - deyə o əlavə edib.
Yonca toxumlarının və xaşa bitkisinin nümayişi üçün fermerlər, əsasən də heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri ilə görüş keçirilib. Bu sortların əhəmiyyəti barədə onlara məlumat verilib.
Təsərrüfat rəhbəri Rasim Bəxşi deyib ki, bu kimi layihələr kənd təsərrüfatı sahəsinin inkişafı üçün önəmlidir: “Çünki burada aparılan əkinlər elmi əsaslara söykənir. Bu da biz təsərrüfatçılar üçün gələcəkdə işlərimizi düzgün qurmağa kömək edəcək. Sınaq əkinləri zamanı xarici və yerli sortların müqayisəsi vacibdir. Çünki, əkin zamanı seçim etmək praktik cəhətdən öz müsbət təsirini göstərir”.
Qeyd edək ki, əkilən sortların öyrənilməsi üçün digər bölgələrdə də sınaq aparılıb və hazırda nəticələr araşdırılır.