REGİONLAR
Hacıqabul rayonunda 8 kəndin 39 kilometrlik yolu yenidən qurulur VİDEO




Bakı, 8 iyun, AZƏRTAC
Hacıqabul rayonunun Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun tikintisi işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 39 kilometr olan avtomobil yolunda aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Layihəyə uyğun olaraq, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi işləri aparılır, qum-çınqıl qarışığından əsasın üst layının tikintisi işləri görülür. İki hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır.
Bununla yanaşı, layihə çərçivəsində Udulu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzinə yeni dəmir-beton körpünün inşası nəzərdə tutulub. Artıq bu istiqamətdə köhnə körpünün sökülməsi işləri yekunlaşıb və yeni avtomobil körpüsünün inşasına başlanılıb. Layihənin sonuncu mərhələsində yolboyu hərəkətin normal təşkili üçün kilometr göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq.
Sözügedən avtomobil yolu 12 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Bu baxımdan, yolun yenidən qurulması ilə bu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, yük və sərnişin daşınması asanlaşacaq.