REGİONLAR
Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də yerinə yetirilməsi nəzərdə tutulur VİDEO
Füzuli, 16 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də yerinə yetirilməsi nəzərdə tutulur. Aeorovağzal binasının tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb. Aerovağzal kompleksinin isə bu ilin sonuna kimi tam istifadəyə verilməsi proqnozlaşdırılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov Füzulidə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş zolağının torpaq yatağı tamamlanıb, hazırda isə asfalt-beton örtüklü layın tikintisinə başlanılıb. Həmçinin sahəsi 60 min kvadratmetr olan, 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir-beton konstruksiyası işləri 100 faiz tamamlanıb, dəmir-metal konstruksiyanın quraşdırılması həyata keçirilir. İtaliya istehsalı olan dam örtüyü sifariş verilib və Azərbaycana gətirilib, fasad elementləri Türkiyədən sifariş verilib və gətirilmək üzrədir.
“Hava hərəkətinin idarə edilməsi üçün qüllənin tikintisinin dəmir-beton konstruksiya hissəsinin quraşdırılması davam edir və bir həftəyə tamamlanacaq. Avadanlıqlar hamısı Avropa istehsalıdır, testdən keçirilib və Bakıya gətirilib. Sahədə isə beton özüllərin hazırlanıb quraşdırılmasına bu ayın sonundan başlanılacaq. Uçuş-enmə zolaqları sentyabrın 5-də tamamlanacaq və ilk test uçuşu həyata keçiriləcək”, - deyə Valeh Əmiraslanov əlavə edib.
Asfalt örtüyünün vurulması üçün yaxınlıqda iki asfalt zavodu da inşa olunub. Limanın elektrik təminatı üçün elektrik xətti çəkilərək transformator yarımstansiyası quraşdırılıb. Bundan başqa, iki ədəd artezian quyusu qazılıb və suyun analizləri aparılıb.
Qeyd edək ki, hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşların beynəlxalq standartlara uyğun təmin olunması üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.