Dağ kombaynları Qusarda taxıl biçinini asanlaşdırıb VİDEO
Qusar, 8 iyul, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Qusarda biçin kampaniyası sürətlə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məhsulun sahələrdən vaxtında və itkisiz yığılmasını təmin etmək məqsədilə bu il biçinə yeni kombaynlar cəlb olunub. Ümumilikdə, rayon üzrə biçin kampaniyası 80-dən çox taxılbiçən kombaynın qüvvəsi ilə aparılır.
Fermerlər bildirir ki, indi dağlıq ərazilərdə də biçin prosesi asanlaşıb. Ölkəmizə gətirilən yeni nəsil dağ kombaynları dağlıq və dağətəyi zonalarda biçin prosesini həyat keçirir.
Qusarlı təsərrüfatçı İlham Vələdov qeyd edir ki, dəmyə şəraitində yetişdirilən bu ərazilərdə əvvəlki illərdən fərqli olaraq məhsuldarlıq yüksəkdir. Təsərrüfatçılar hər hektardan 40 sentner məhsul əldə edirlər. Fermerlər əsasən yerli iqlim şəraitinə uyğun taxıl sortlarını becərməyə üstünlük verirlər. Rayon üzrə ümumi məhsuldarlıq göstəricisi 32,5 sentnerə bərabərdir.
Biçin dövründə Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssislərinin iştirakı ilə sahələrdə monitorinqlər keçirilir və fermerlərə lazımi məsləhətlər verilir. Bu ilin məhsulu üçün Qusar rayonunda ümumilikdə 23 min 85 hektar sahədə taxıl əkilib.
Hava şəraiti əlverişli olarsa, biçinin yaxın 10 gün ərzində başa çatdırılması nəzərdə tutulub.