MƏDƏNİYYƏT
Kolumbiyanın Azərbaycandakı səfirliyi Bakıda mədəni tədbir təşkil edib VİDEO
Bakı, 14 may, AZƏRTAC
Kolumbiyanın Azərbaycandakı səfirliyi Ağ Şəhərdə yerləşən “Baku Marriott Hotel Bulvar”da tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Anxelika Stir Varel iştirakçıları salamlayıb. O, Kolumbiyanın mədəni və etnik müxtəlifliyə sahib olduğunu vurğulayıb.
“Bu gün biz Kolumbiyanın mədəni müxtəlifliyinin və Azərbaycan qonaqpərvərliyinin nümayiş etdirildiyi tədbirdə bir araya gəlmişik. Qeyd etmək istərdim ki, Kolumbiyada rəsmi dil ispan dili olsa da, həmçinin ölkədə 68 müxtəlif dildə danışan etnik qruplar yaşayır. Bunlardan biri də Panama, Yamayka, Nikaraqua və Kosta Rika kimi ölkələrin ada icmaları arasında da danışılan və Kolumbiyanın San Andres, Providensia və Santa Katalina adalarının yerli əhalisinin kimliyini təmsil edən ingilis kreoludur”, - deyə Mariya Anxelika Stir Varel bildirib.
Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının rəqqasəsi “El Sanjuanero” adlı Kolumbiya rəqsini təqdim edib.
Kolumbiyalı diplomat ölkəsinin xalq rəqslərini Azərbaycanda təmsil etdiklərinə görə Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbir, Karib dənizinin Providensiya adasından olan məşhur kolumbiyalı müğənni Elkin Robinsonun ifası ilə davam edib. Onun bəstələdiyi mahnılar adanın mədəniyyətini və həyat tərzini tərənnüm edir.
Qeyd edək ki, Elkin Robinson Kolumbiyanın “Procolombia” agentliyi tərəfindən ölkənin mədəniyyət səfiri seçilib.