MƏDƏNİYYƏT
Azərbaycan Fransada keçirilən SİMPPAR peşəkar ətriyyat sərgisində iştirak edir VİDEO
Paris, 1 iyun, AZƏRTAC
Azərbaycanın ətir sənayesi sahəsində ixtisaslaşmış “Lecheq Farm & Distillery” şirkəti Fransa Ətriyyatçılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən SİMPPAR ətir sənayesi üçün xammal və xidmətlərə həsr olunan peşəkar beynəlxalq sərgidə ölkəmizi təmsil edir.
AZƏRTAC xəbər verir ki, “Lecheq Farm & Distillery” şirkəti sərgidə təbii məhsullardan hazırlanmış müxtəlif çeşidli bitki yağları, kosmetika və aromaterapiya üzrə məhsullarını nümayiş etdirib. Azərbaycanın əsrarəngiz diyarında Zaqatala və Şəkidə becərilmiş qızılgül, lavanda və digər çöl çiçəklərindən hazırlanmış aroma yağlar ətir istehsalçılarının diqqətini cəlb edib. Hətta bəzi mütəxəssislər Azərbaycan lavandası yağının xüsusi ətir nüansına malik olduğunu, digər ölkələrdən gələn lavanda yağlarının ətrindən tamamilə fərqləndiyini bildiriblər. Azərbaycandan gələn bitki yağlarının belə təkrarolunmaz ətirə malik olmasını ölkənin iqlimi və torpağı ilə əlaqələndiriblər. Siciliyalı ətirşünas Azərbaycandan gələn bitki yağlarının unikal olduğunu bildirib.
Fransanın ətriyyat üzrə ixtisaslaşmış təhsil ocağının direktoru və müəllimi Azərbaycandan gələn bitki yağları ilə maraqlanaraq, əməkdaşlıq təklif ediblər. “Lecheq Farm & Distillery” şirkətinin nümayəndəsini məktəbə məruzə deməyə dəvət ediblər. Təhsil ocağının müəllimi Marian Sabatye Navroki uzun müddət Azərbaycan stendində nümayiş olunan bitki yağlarının çalarlarından danışaraq, onların hər birini yüksək qiymətləndirib. Onların ətir çalarları və notlarını xüsusi qeyd edib. İqlim və torpağın belə müxtəlif nüanslı ətirli yağlar verən bitkilərə təsirindən danışıb. Azərbaycan şirkəti ilə əməkdaşlıqda maraqlarını ifadə edib.
“Lecheq Farm and Distillery” şirkətinin nümayiş etdirdiyi 50 illik qızılgül yağı bütün mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Ətriyyat sənayesi üçün xammal və xidmətlərə həsr olunan SİMPPAR peşəkar beynəlxalq sərgisində dünyanın 100-dən çox ətir sənayesi üçün xammal istehsal edən tanınmış brendləri iştirak edir. SİMPPAR beynəlxalq sərgi salonu tanınmış ətir istehsalçıları ilə ətriyyat sənayesi üçün xammal və xidmətlər təklif edən şirkətlərin ən məşhur görüş yeridir.
“Lecheq Farm and Distillery” şirkətinin dünyada tanınmış və aparıcı kosmetika, aromaterapiya sənayelərinin təbii xammal tədarükçüsünə çevrilməsi təsadüfi deyil. Azərbaycanda hələ ötən əsrlərdən qızılgül yağı istehsal edilib.
Qeyd edək ki, SİMPPAR ətriyyat sənayesi sahəsində Avropanın ən qədim və ən böyük peşəkar sərgisidir. SİMPPAR-ın builki sərgisində 100-dən çox ölkə iştirak edir. Sərgi iyunun 2-də də öz işini davam etdirəcək.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris