REGİONLAR
Qubada narkotik dövriyyəsinə qarşı əməliyyatlarda 9 nəfər saxlanılıb VİDEO
Quba, 1 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınmasında və satılmasında şübhəli bilinən rayon sakinləri Nazim Əzizov, Təyyar Mirzəyev, Elçin Əliyev və Xaçmaz rayon sakini Mehdi Bayramov saxlanılıblar. Həmin şəxslərin üzərilərinə və yaşadıqları evlərə baxış keçirilən zaman ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə - marixuana aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Cəmil Abdullayev, Ruslan Əliyev, Bilal Muradov, Taleh Atakişiyev və Firdovsi Şirinov saxlanılıblar. Həmin şəxslərin üzərilərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.