Beyləqanın Əmirzeyidli kəndinin yol problemi bu il həllini tapa bilər FOTO VİDEO
AzerTAg.az

Beyləqan, 24 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqanın Əmirzeyidli kənd sakinləri yol sarıdan çətinliklə üzləşiblər. Sakinlər 8 kilometr yolu qət etmək üçün həm xeyli vaxt itirir, həm də əlavə xərc çəkirlər. Əmirzeyidli kəndi ilə şəhər mərkəzi arasındakı məsafə isə 25 kilometrdir.
AZƏRTAC xəbər verir ki, uzun illərdir kəndin yolunda əsaslı təmir işləri aparılmadığına görə yol dağılıb, çuxurlar əmələ gəlib. Mövcud vəziyyət kənddə böyükdən-kiçiyə hər kəsi narahat edir.
Kənd sakini Əfsər Cəfərov deyir ki, yerli sakinlərin əsas problemi yolla bağlıdır. Kəndin yolu uzun illər istismar olunduğu üçün dağılıb. Qışda yağış-palçıq, yayda isə toz-torpaq gediş-gəlişi daha da çətinləşdirir.
Yolun pis gündə olması məktəblilərin davamiyyətinə də təsir göstərir. Kəndin müəllimi Həsən Həsənovun sözlərinə görə, yağışlı-qarlı havalar şagirdlər üçün daha çox problemə çevrilir, davamiyyət aşağı düşür. Şagirdlərin soyuqlu-sızaqlı günlərdə palçıqlı yollarla gəlməsi onların səhhətində də problemlərə yol açır.
Taksi sürücüsü İsgəndər Hüseynov da yolun bərbad vəziyyətdə olmasından şikayətçidir: “Əsas yola qədər məsafə 5 kilometrdir. Lakin çala-çuxur çox olduğu üçün bu məsafəni 20-25 dəqiqəyə ancaq qət edə bilirik. Hətta xəstələrimizi vaxtında həkimə çatdırmaqda çətinlik çəkirik. Maşınlarımız da sıradan çıxır”.
Kəndin bələdiyyə sədri Oruc Məmmədovun da münasibətini öyrəndik. Onun sözlərinə görə, kənddə 170 təsərrüfat var və 1050-dən çox sakini yaşayır. Sakinlər əsasən əkinçilik və maldarlıqla məşğul olur. Yolun yaxşı vəziyyətdə olmaması kənd təsərrüfatı məhsullarının da daşınmasında çətinlik yaradır.
Yolun çəkilişinə gəldikdə isə, rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Rauf Abbasov bildirib ki, Beyləqan rayonunda kənd yollarının asfaltlanması dövlət proqramına salınıb. Əmirzeyidli kənd yolu da daxil olmaqla, İmamverdilər, Vətağa, Qaralılar, Şərq, Türklər, Təzəkənd və Eyvazalılar kəndləri ərazisində 34 kilometr yolun çəkilişi 2023-cü ilin dövlət proqramına daxil edilib. Həmin yolların ilin sonunadək asfaltlanması nəzərdə tutulub.
Xəbərin mətnində orfoqrafik səhv var