Zəngilanın Ağalı kəndinə ilk köçün bir ili tamam olur VİDEO
Zəngilan, 19 iyul, A.Yavərzadə, AZƏRTAC
Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin qayıdışından bir il ötür. 30 ilə yaxın həsrət içində yaşayan insanlar məhz ötən ilin bu günü öz doğma yurdlarına qayıdaraq burada rahat yaşamağa başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 ilə yaxın işğal altında qalmış torpaqlara 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə nəticəsində məcburi köçkünlərin qayıdışına imkan yarandı.
Dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları və onun rifahı durur. Məcburi köçkünlərin tezliklə evlərinə qayıtmaq istəkləri bərpa-quruculuq işlərinin sürətlə aparılmasını şərtləndirən vacib amillərdən olmuşdur.
Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilmiş dağıntıları, urbisiti, ekosidi və minalanma təhlükəsini nəzərə alaraq, bir çox ekspertlər qayıdış üçün uzun illər tələb olunacağını qeyd edirdilər. Lakin Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işlərinə diqqəti nəticəsində Zəngilanın Ağalı kəndinə qayıdış 44 günlük müharibədən cəmi il yarım sonra reallaşdı. 2021-ci ilin aprelində dövlətimizin başçısı tərəfindən Ağalıda təməli qoyulan “ağıllı kənd” layihəsi çərçivəsində yenidən tikilən yaşayış məntəqəsinə 2022-ci il iyulun 19-dan başlayaraq mərhələlərlə köç prosesi həyata keçirildi.
Beləliklə, işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin göstərişi əsasında birinci pilot layihə Ağalıda icra edildi. Yenidən qurulan Ağalı kəndində küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq edildi. Həmçinin kəndin dayanıqlı enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində Arximed turbini tipli Su Elektrik Stansiyası inşa olundu. Üç ədəd generatorun quraşdırıldığı stansiya Ağalı kəndinin elektrik enerjisinə tələbatını tam təmin etmək gücünə malikdir.
Kənddə dövlət xidmətlərinə əlçatanlığı təmin etmək və insanların rifahının yaxşılaşdırılması məqsədilə “ASAN”, “DOST”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətləri, həmçinin məktəb, bağça, tibb məntəqəsi, ictimai iaşə obyektlər və s. mövcuddur.
Ağalıda aqrar sektorun inkişafına da xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pivot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.
Bu ilin mart ayında, otuz ildən sonra Ağalıda ilk uşağın dünyaya gəlməsini hər birimiz sevinclə qarşıladıq. Çünki işğaldan azad edilən ərazilərimizdə atəş səslərini indi körpə sədası, beşiyindəki körpəsinə layla oxuyan anaların xoş avazı əvəzləyib. Zeynalovlar ailəsində dünyaya gələn uşağa Turan adı qoyuldu.
Ağalıda daha bir ilk isə iyulda yaşandı, ilk nişan mərasimi oldu, yeni ailənin təməli qoyuldu. Kəndin mərkəzində yerləşən şadlıq evində Ağalı sakinləri Məmmədovlar və Dünyamalıyevlər ailələrinin sevincinə şərik çıxdılar, çal-çağır səsi ətrafa yayıldı.
Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb. Hazırda kənd ərazisində tikilmiş evlərin təmir işlər davam edir və təmir işləri başa çatdıqdan sonra ailələrin növbəti köçü həyata keçiriləcək.
İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, “Böyük qayıdış” proqramının uğurla reallaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.