ORDU
Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb VİDEO
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb.
Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.
Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.