Bakıda ASAP-ın Birinci hesabat-seçki konfransı keçirilib VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Avqustun 21-də Bakı Konqres Mərkəzində Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) Birinci hesabat-seçki konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda ASAP-ın sədri Heydər Ağayev qeyd edib ki, təşkilat xarici universitetlərin azərbaycanlı tələbə və məzunlarını bir arayan gətirən, onların şəxsi, peşəkar, təhsil və sosial fəaliyyətlərini dəstəkləyən, xarici icmalara inteqrasiyasını təmin edən şəbəkədir.
Daha sonra ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli hesabat nitqi ilə çıxış edib. Bildirib ki, ASAP-ın əsas missiyası beynəlxalq müstəvidə ölkəmizi layiqincə təmsil etmək, gənclərimizin xarici icmalara müsbət təsirini artırmaq üçün onları lazımi bilik və bacarıqlarla təmin etməkdir. “Təşkilatın fəaliyyətində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yürütdüyü gənclər siyasəti hər zaman yol xəritəsi olub. Belə ki, gənclər siyasətinin əsasını Azərbaycan gənclərinin dövlət quruculuğunda fəal iştirakı, cəmiyyətin inkişafında gənclərin rolu, vətənə sadiq və beynəlxalq təmsilçilikdə fəal iştirakçılar kimi yetişməsi üçün olan proqram və mexanizmlərin təşviqi təşkil edir. Bu xüsusda, ASAP fəaliyyəti boyunca dünyanın müxtəlif ölkələrində beynəlxalq təmsilçiliyimizə töhfə vermək məqsədilə fəal gənclərdən ibarət nümayəndəliklər yaradıb. Belə nümayəndəliklərin sayı 11 olmaqla, Türkiyə, Almaniya, ABŞ, Macarıstan, Polşa, Avstriya, Niderland kimi ölkələrdə öz fəaliyyətini davam etdirir. Cari dövr ərzində ASAP tərəfindən 1000-dən çox tədbir, görüş keçirilib, 11 xarici ölkədə nümayəndəlik qurulub, 35 xarici universitetlə əlaqələr yaradılıb, 12 məzun birliyini öz ətrafına cəmləyərək 42 xarici ölkədə müxtəlif formatlı 61 tədbir keçirilib", - deyə R.Hacıbəyli diqqətə çatdırıb.
Qeyd olunub ki, hesabat dövründə 27 ölkədən 8 mindən çox tələbə və məzun ASAP-a üzv olub.
Sonra konfransda 2021-2023-cü illərdə görülən işlərə və platformanın fəaliyyətinin yekunlarına dair hesabat xarakterli videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov deyib ki, ASAP qısa müddət ərzində böyük işlər görüb. Bu platformanın yaranma ideyası üç il əvvəl altı gəncin bir araya gəlməsi ilə ərsəyə gəlib. Prezident Administrasiyası bu ideyanı dəstəklədi. Qeyd etmək lazımdır ki, 2020-ci il taleyüklü il idi. Həmin il dövlətimizin ərazi bütövlüyü bərpa edildi. O dövrdə ASAP təsis edildi və bu platformanın əsas istiqamətindən biri Azərbaycanın ərazi bütövlüyü, Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünyaya çatdırılması olub.
Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə ASAP-ın və ona üzv olan təşkilatların, tələbələrin birliyinin şahidi olduq: “Xaricdə yaşayan azərbaycanlı gənclərə, tələbələrə, məzunlara dəstək verilməsi ideyası həmişə olub və buna ehtiyac var idi. ASAP-ın fəaliyyətini Gənclər Fondu olaraq daim dəstəkləmişik. Ölkəmizdə ayrı-ayrı məzun platformaları mövcuddur. Bunların hər birini birləşdirməyə ehtiyac var idi. Bunu da ASAP etdi”.
Milli Məclisin deputatları Cəbi Quliyev, Müşfiq Cəfərov və Vüqar İsgəndərov çıxışlarında qeyd ediblər ki, üçillik fəaliyyət müddətində ASAP özünə qarşı qoyulan hədəflər istiqamətində böyük işlər görüb, on minlərlə tələbəni əhatə edən yüzlərlə layihə həyata keçirib. Bunların da böyük əksəriyyəti, təbii ki, ölkədən kənarda təhsil alan gənclərimizlə bağlı olub. Bu gün ölkədə əsas prioritetlərdən biri də xaricdə təhsil imkanlarının əlçatanlığıdır. ASAP öz fəaliyyəti ilə çətir rolunu oynayır. Azərbaycanlı tələbələri öz çətiri ətrafına toplayır və orda ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasını təmin edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli ASAP-ın qısa müddət ərzində kifayət qədər işlər gördüyünü vurğulayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov deyib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənələri Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilib, bu dövr ərzində insan kapitalının inkişafı ilə bağlı dövlət strategiyaları və dövlət proqramları reallaşdırılıb. Bu gün də Prezident İlham Əliyevin başçılığı ilə gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi gənclərə olan etimaddan irəli gəlir.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, ASAP pandemiya dövründə kifayət qədər çox iş görüb. Ümid edirik ki, təşkilat gələcəkdə bundan da çox iş görəcək. Çünki bu platforma ölkəmizin ən intellektual, kreativ gəncləri ətrafına birləşdirir.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ASAP-ın bir neçə sektoru özündə birləşdirən bir təşkilat olduğunu qeyd edib. Bu bir daha onu göstərir ki, ASAP-ın unikallığı və dövlətimizə töhfəsi danılmazdır. Gələcəkdə ASAP-ın inkişafının əhəmiyyəti böyük olacaq. Çünki ASAP bir neçə sektoru özündə birləşdirən bir təşkilatdır. Gənclərlə iş, təhsil, diasporla iş sektorlarının özündə cəmləşdirməsi ASAP-ın unikallığını və dövlətimizə töhfəsini sübut edir.
Daha sonra konfransda təşkilatın yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub. Namizədlərin adları elan edildikdən sonra İdarə Heyətinə seçkilər keçirilib.
ASAP-ın yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra sədr və sədr müavini vəzifəsinə namizədlərin adları onlayn formada elan olunaraq seçkilər keçirilib. Fariz İsmayılzadə sədr, Rafael Hacıbəyli isə sədr müavini seçilib.