İstanbulun Topqapı Mədəniyyət Parkında Azərbaycan evinin yenilənmədən sonra açılışı olub VİDEO
İstanbul, 21 mart, AZƏRTAC
İstanbulun “Türk dünyası mədəniyyət məhəlləsi” açıq hava muzeyində yerləşən Azərbaycan evi təmir və yenidənqurmadan sonra Novruz bayramı tədbirləri çərçivəsində təntənəli mərasimlə ictimaiyyətə təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə təmir edilib, yenidən qurulan məkanın rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, İstanbuldakı Baş konsulluğumuzun konsulu Mürşüd Məmmədov, Türkiyənin dövlət nümayəndələri, bu şəhərdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, QHT-lərin başçıları, yerli Azərbaycan diasporunun təmsilçiləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Mərasimdə çıxış edənlər Türkiyə-Azərbaycan arasındakı qardaşlıq bağları, ortaq tarixi və bəşəri dəyərlərimiz, Qarabağ və Çanaqqala zəfərləri və Azərbaycan evində nümayiş olunan, milli dəyərlərimizi əks etdirən atributlar barədə danışıblar.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov “Bir millət, iki dövlət” şüarını qeyd edərək, dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi, mədəni əlaqələrin də genişlənməsindən və milli mədəniyyətimizin təbliğindən söz açıb.
O, Azərbaycan evinin yenidən qurularaq mədəniyyətlərin qovuşduğu tarixi İstanbul şəhərində ziyarətçilərə təqdim olunmasının əhəmiyyətini vurğulayıb, bu məkanın ölkəmiz, onun mədəniyyəti, tarixi və ümumiyyətlə mənəvi dəyərləri ilə maraqlanan bütün ziyarətçilər üçün əlçatan məkan olduğunu deyib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra edən Nuri Aslan tarixi qardaşlıq münasibətlərinin, xalqlarımızı birləşdirən ortaq dəyərlərin önəmindən bəhs edib.
O, yeni qurulan Azərbaycan evinin Türkiyənin ən böyük tarixi və turizm mərkəzi olan İstanbulun mədəniyyət və turizm marşrutunu zənginləşdirməklə yanaşı, ziyarətçilərə qardaş ölkə Azərbaycan, onun tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı qazandıracağını bildirib.
Qeyd edək ki, məkanda dövlətçiliyimiz, tariximiz, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfər və milli mədəniyyətimizə dair guşələr yer alıb. Buradakı xüsusi bölmələrə Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” şüarları həkk edilib, 44 günlük Vətən müharibəsinə həsr edilən guşə yaradılıb.
Azərbaycan evində milli musiqi alətlərimiz, milli geyimlərimizin maketlər üzərində nümunələri, xalçalar, kəlağayılar, müxtəlif əl işləri, tarixiin müxtəlif dövrlərinə aid döyüş vasitələri, dövlət rəmzlərimiz, Azərbaycan mədəniyyəti və turizm bölgələrinin gözəlliklərinin əks olunduğu fotoşəkillər sərgilənir. Evin pəncərələri milli motivlərlə hazırlanmış şəbəkə ilə bəzədilib.
Bundan əlavə, məkanın kitabxana bölümü Azərbaycanın dövlətçiliyi, tarixi, milli mədəniyyətinə dair nəşrlərlə yenilənib.
Xatırladaq ki, türk xalqlarının yaşayış tərzini, milli-mənəvi dəyərlərini özündə ən gözəl şəkildə əks etdirən tarixi məkanlardan biri də İstanbulda yerləşən “Türk dünyası mədəniyyət məhəlləsi” açıq hava muzeyidir. Topqapı Mədəniyyət Parkının ərazisində yerləşən bu məkanda türkdilli dövlətlərə məxsus evlər, qazax və qırğız çadırları, orijinal ölçülərdə hazırlanmış Orxon abidələri, Bakının incisi olan Qız qalası və Qırğızıstanda yerləşən Bulana qülləsinə aid maketlər də muzeydəki eksponatlar arasındadır.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul