Dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib VİDEO
Bakı, 24 mart, AZƏRTAC
Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə köməksiz qalan bir nəfər xilas edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə barədə məlumat daxil olan kimi dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər R.İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.