İsmet Zaatov: Birinci Türkoloji Qurultayın 100 ildən sonra Bakıda keçirilməsi tarixi ənənənin davamıdır - ŞƏRH VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Birinci Türkoloji Qurultayın 100 ildən sonra yenidən Bakıda keçirilməsi tarixi ənənənin davamı olmaqla yanaşı, Türk dünyasının elmi və mədəni birliyində Azərbaycanın aparıcı rolunu bir daha nümayiş etdirir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçısı, Krım-tatar mədəniyyət və ictimai xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İsmet Zaatov deyib. O bildirib ki, “Dildə, fikirdə, işdə birlik” şüarının müəllifi İsmayıl Qaspıralının vətəni olan Krımdan Bakıya gəlib. İsmet Zaatov qeyd edib ki, 1991-ci ildə İsmayıl Qaspıralının muzeyinin yenidən açılmasında iştirak edib və həmin muzey bu gün də fəaliyyətini uğurla davam etdirir.
Müsahibimiz xatırladıb ki, 2006-cı ildə də Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 80 illiyinə həsr olunmuş tədbirdə iştirak edib. Bu gün isə Qurultayın 100 illik yubileyində iştirak etməkdən qürur duyur.
Alim vurğulayıb ki, son iyirmi ildə Azərbaycan daha da inkişaf edib, güclənib və Türk dünyasının mühüm mərkəzlərindən birinə çevrilib.
İ.Zaatov bildirib ki, 1920-ci illərdə, 1937-ci il repressiyasınadək sovet məkanında türkologiyanın əsas elmi mərkəzi məhz Bakı olub. Ötən əsrin 70-ci illərində Bakıda “Sovetskaya tyurkologiya” jurnalı nəşr edilməyə başlanıb, Sovet İttifaqının müxtəlif bölgələrindən türkoloqlar Bakıya gələrək azərbaycanlı həmkarları ilə elmi müzakirələr aparıblar.
“Türkoloji araşdırmaların əsas elmi impulsu məhz Bakıdan yayılır. Yüz il öncə olduğu kimi Bakıdan başlayan bu hərəkat təkcə sovet respublikalarına deyil, Türkiyə və Avropaya da çatırdı. Bu baxımdan, Birinci Türkoloji Qurultayın 100 ildən sonra yenidən Bakıda keçirilməsi tarixi ənənənin davamıdır və Türk dünyasının elmi-mədəni inteqrasiyasında Azərbaycanın aparıcı rolunu bir daha təsdiqləyir”, – deyə İ.Zaatov əlavə edib.
Müxbir – Pərvanə Qafarova