Qədim ənənənin dirçəlişi: Kəlbəcər balının şöhrəti daxili və xarici bazarlara yol açır - FOTO VİDEO
Kəlbəcər, 27 iyul, AZƏRTAC
Zəngin floraya malik Kəlbəcər rayonu Azərbaycanın arıçılıq sahəsində qədim və dəyərli ənənələrini yaşadan bölgələrindəndir. Füsunkar təbiəti, əlverişli iqlimi, zəngin bitki örtüyü burada arıçılığın inkişafını şərtləndirir. Bu torpaqlarda arıçılıq, sadəcə bir peşə deyil, nəsildən-nəslə ötürülən həyat tərzidir. İşğaldan azad olunan rayonda qədim təsərrüfat sahəsi yenidən dirçəlir, arıçılar doğma yaylaqlara qayıdaraq Kəlbəcər balının şöhrətini bərpa edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2021-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə arıçılıq təsərrüfatları hər il zəngin Kəlbəcər yaylaqlarına köçürülür.
“Xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsi” xidmətinə dair reqlamentə uyğun olaraq təkcə 2026-cı ildə Kəlbəcər rayonuna 3396 fermer tərəfindən 148 min 308 arı ailəsi gətirilib.
Uzun illərdir arıçılıqla məşğul olan Nizami Calalov da doğma yaylaqlara qayıdan arıçılardandır. O deyir ki, Kəlbəcər işğal olunmamışdan əvvəl də arıçılıqla məşğul olub, məcburi köçkünlük illərində isə təsərrüfatını digər rayonlarda davam etdirib: “Doğma torpaqlarımız azad edildikdən sonra, 2021-ci ildə arılarımızı yenidən Kəlbəcərə gətirdik. Azərbaycanda olan balverən bitkilərin əksəriyyəti Kəlbəcərdə mövcuddur. Arılar nəinki rəngarəng çiçəklərdən, eyni zamanda, mineraltərkibli bulaq sularından da faydalanır. Məhz buna görə Kəlbəcər balı keyfiyyətinə görə seçilir".
N.Calalov bildirib ki, bu il Kəlbəcərə 150 arı ailəsi gətirib.

“Əvvəlcə arıları Ağdərəyə aparmışdıq. Orada bal süzümünü tamamlayıb arıları Kəlbəcərə gətirdik. Yaxın 20-25 gün ərzində Kəlbəcər balının da süzümünə başlayacağıq. Süzülmüş balın kiloqramını 35-40 manata, şan balını isə 50-60 manata təqdim edirik. Kəlbəcərin zəngin bitki örtüyü, müxtəlif balverən bitkiləri və təmiz təbiəti burada istehsal olunan balın keyfiyyətini müəyyənləşdirən əsas amillərdəndir. Arıçılığın inkişafına göstərilən dövlət dəstəyi təsərrüfatın genişləndirilməsi üçün yeni imkanlar yaradıb”, - deyən Nizami gələcəkdə məhsuldarlığı artırmaq, ana arı və arı südü istehsalı istiqamətində fəaliyyətini genişləndirməyi planlaşdırdığını sözlərinə əlavə edib.
Kəlbəcərin Qılınclı kəndindən olan digər arıçı İsmət Quliyev də dədə-baba peşəsini doğma kəndində davam etdirməyin qürurunu yaşayır: "Köçkünlük illərində məskunlaşdığımız Xaçmaz rayonunda da arıçılıqla məşğul olurdum. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edildikdən sonra 2021-ci ildən arılarımı Kəlbəcərə gətirmişəm. Uşaqlığım bu torpaqlarda keçib, indi də arı pətəklərini məhz öz doğma məhəlləmizdə yerləşdirmişəm".
İsmət Quliyevin sözlərinə görə, Kəlbəcərin zəngin florası və dağ iqlimi yüksək məhsuldarlığa imkan yaradır. Arılar əsasən kəklikotu, qantəpər, cökə və digər dağ çiçəklərindən şirə topladıqları üçün burada əldə olunan bal öz təbii keyfiyyəti ilə seçilir. Hazırda təsərrüfatında 100-dən çox arı ailəsi var. Arıçı gələcəkdə təsərrüfatını daha da böyütməyi və Kəlbəcər balının xarici bazarlarda da tanınmasını arzuladığını bildirir.
İllər sonra Kəlbəcər yaylaqlarına qayıdan arıçılar burada həm ata-baba ənənəsini davam etdirir, həm də rayonun təbii imkanlarından istifadə edərək keyfiyyətli məhsul istehsal edirlər. Dövlətin arıçılığın inkişafına göstərdiyi diqqət və yaradılan əlverişli şərait bu sahənin daha da genişlənməsinə, Kəlbəcər balının isə gələcəkdə həm daxili, həm də xarici bazarlarda tanıdılmasına imkan yaradır.
Müəllif – Tahir Ağaməmmədov