Göyçayda açıq ərazilərdə yanğın baş verib, alovun qarşısının alınması istiqamətində tədbirlər görülür VİDEO
Göyçay, 28 iyul, AZƏRTAC
Göyçay rayonunda geniş ərazini əhatə edən yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın ilkin olaraq rayonun Qaraməryəm, Yekəxana və Şahsoltanlı kəndləri istiqamətində başlayıb. Güclü küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyə yayılaraq İsmayıllı rayonunun Qubaxəlilli kəndi istiqamətinə keçib.
Yanğın nəticəsində dağlıq və düzənlik ərazilərdə yerləşən hektarlarla örüş sahəsi, biçilmiş taxıl zəmiləri və kolluq ərazilər yanıb. Alovun yaşayış məntəqələrinə keçməsinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görülüb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və ətraf rayonlardan olan yerli bölmələrinin canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib. Yanğınla mübarizə fasiləsiz davam etdirilir.
Hazırda yanğının tam söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
Müxbir - Rəşad Türkoğlu