Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO
Bakı, 26 avqust, AZƏRTAC
Yunus Əmrə İnstitutunun “Gələcəyin sənət elçiləri” proqramının Bakı mərhələsi çərçivəsində Türkiyədən gələn gənc sənətçilərin iştirakı ilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan musiqi proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, beşgünlük proqram çərçivəsində Türkiyədən 10 nəfərlik nümayəndə heyəti - Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin və Mimar Sinan Gözəl Sənətlər Universitetinin tələbələri, Yunus Əmrə İnstitutunun əməkdaşı və Ankara Musiqi və Gözəl Sənətlər Universitetinin müəllimi, dosent Sinan Ayyıldız Azərbaycana səfər edib. Proqram iştirakçıları ölkəmizin tarixi və mədəni məkanlarını ziyarət edib, müxtəlif görüşlərdə iştirak ediblər. Proqramın Bakı Yunus Əmrə İnstitutunda keçirilən “Azərbaycan və Türkiyə qardaşlıq ezgiləri” adlı hissəsində Türkiyədən gələn gənc sənətçilər öz milli musiqi alətlərində ifalarını təqdim ediblər. Tədbirdə Azərbaycanın tanınmış musiqiçisi Səlim Abbasov və Adnan Əmirli də çıxış ediblər. Musiqi proqramında Türkiyə və Azərbaycanın ortaq mədəni irsini əks etdirən ifalar səsləndirilib.
Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan bildirib ki, “Gələcəyin sənət elçiləri” proqramı vasitəsilə iştirakçılara Azərbaycanın ortaq mədəni irsini yaxından tanımaq və sənət vasitəsilə yeni əlaqələr qurmaq imkanı yaradılır. “Biz bu proqram çərçivəsində Azərbaycanın ortaq mədəniyyətimizi və tariximizi gənclərə daha yaxından tanıtmaq istədik. İnanırıq ki, belə görüşlər sənət vasitəsilə yeni bir körpünün qurulmasına imkan verir. Gənclərin Azərbaycanın tarixi və mədəni məkanlarını ziyarət etməsi bizim üçün çox önəmlidir”, - deyə G.Seyhan qeyd edib.
Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Cəlal İbrahimov isə Yunus Əmrə İnstitutunun Türk dünyasının ortaq mədəni irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. C.İbrahimov bildirib ki, musiqi müxtəlif xalqların ortaq köklərini və mədəni bağlarını ifadə edən mühüm vasitələrdəndir. Onun sözlərinə görə, proqramda qədim türk musiqi alətlərinin səsləndirilməsi bu irsin müasir nəsillə əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. “Bu gün burada qədim türk alətlərindən biri olan dombranın səsini eşitdik. Musiqi, dil və sənət vasitəsilə ortaq köklərimizi daha yaxından hiss etmək mümkündür. Düşünürəm ki, bu istiqamətdə işləri davam etdirməli, milli geyimlərimizi, adətlərimizi və mədəni dəyərlərimizi də bu cür layihələr vasitəsilə gənclərə çatdırmalıyıq”, - deyə C.İbrahimov vurğulayıb.
O əlavə edib ki, Dədə Qorqud irsi və “Divanü lüğat-it-türk” kimi ümumtürk mədəniyyətinin mühüm mənbələrində əks olunan dəyərlər bu gün də xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətini qoruyur.