“Atana de ki, məktəbə gəlsin”: Səməd Vurğunun qızının xatirələrindən
AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir
Bakı, 24 sentyabr, AZƏRTAC
Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.
AZƏRTAC silsilənin növbəti yazısında Xalq şairinin qızı Aybəniz Vurğunun xatirələrini oxuculara təqdim edir. Bu dəfə o, məktəb illərindən, musiqi təhsilindən imtina edərək filologiyanı seçmək qərarından danışır, həmçinin Səməd Vurğunun təhsilə, əməyə və valideyn məsuliyyətinə münasibətini səciyyələndirən bir hadisəni xatırlayır.
“1944-cü ildə mən konservatoriyanın nəzdində olan 10 illik musiqi məktəbinin 1-ci sinfinə getmişəm. Fortepiano çalırdım, müəllimim də məktəbin direktoru professor Kövkəb xanım Səfərəliyeva idi. O illəri mən heç zaman unutmayacağam.
Musiqi məktəbində 7 il oxuduqdan sonra VIII sinfin I rübündə artıq qət etdim ki, musiqiçi olmayacağam. Atamın kitabxanasındakı kitabların çoxunu oxuduğumdan məndə ədəbiyyata böyük həvəs oyanmışdı. Adi orta məktəbə keçib, sonra ADU-nun Filologiya fakültəsində oxumaq arzusu qəlbimdə baş qaldırmışdı. Nəyə görəsə bunu atama söyləməkdə çətinlik çəkirdim. Yaxşı xatirimdədir, 1952-ci ilin oktyabr ayının ortasında atamın kabinetinə girib ona bu arzumu dedim. O, əvvəl fikrə getdi, sonra gülümsəyib: “Hə, deyəsən qızım pianoçu yox, alim olmaq fikrinə düşüb! Nə deyirəm ki, səni ən yaxşı qız məktəbinə -132 nömrəli məktəbə keçirdərəm”. Elə də oldu. Mən VIII sinfin II rübündən həmin məktəbin VIII “B” sinfinin şagirdi oldum. O gündən çətinliklərim başladı. Humanitar fənlərdən çətinlik çəkmirdim. Lakin riyaziyyat, fizika və kimya fənlərindən heç bir anlayışım olmadığını özüm də, müəllimlərim də tezliklə başa düşdük. Musiqi məktəbində bu fənlərin çox zəif keçirilməsi mənim üçün böyük problem yaratdı. Çox savadlı və olduqca ziyalı müəllimlərimiz var idi. Allah hamısına rəhmət eləsin. Ədəbiyyat müəllimimiz Bilqeyis Məmmədova (Təhmasib) məndə ədəbiyyata olan həvəsi daha da artırdı. Riyaziyyat müəllimlərimizi - Sadıq Sadıqovu, Əhməd Əhmədzadəni də böyük məhəbbətlə xatırlayıram”.
Daha sonra Aybəniz xanım VIII sinfin II rübü qurtardıqdan sonra Sadıq Sadıqovun onu yanına çağıraraq dəqiq fənlər üzrə hazırlığının zəif olması səbəbindən sinifdə qala biləcəyi barədə xəbərdarlıq etdiyini xatırlayır.
“... Qızım, sən riyaziyyatdan, həndəsədən, fizikadan özün də bilirsən ki, çox zəifsən, belə getsə, biz səni sinifdə saxlama¬lı olacağıq. Başa düşürəm ki, çalışırsan, lakin əvvəldən bünövrə olmadığından heç nə alınmır. Atana de ki, məktəbə gəlsin, onunla da söhbət edib vəziyyəti başa salaq.
Mən evdə atama dedim ki, ata, səni məktəbə çağırırlar. Onun sifəti çox ciddi görkəm aldı, başını bulayıb dedi: “Məktəbdə neyləmisən?”. Mən cavab verdim ki, heç bir pis iş görməmişəm, yalnız dərslərlə bağlı məsələdir.
Səhərisi gün atam məktəbə gəlib, müəllimlər otağında bütün müəllimlərlə çox mehriban görüşdü, hal-əhval soruşub onlara xoş sözlər dedi. Sonra Sadıq müəllim əhvalatı atama başa saldı. Sinifdə qalacağım barədə fikir atamın xoşuna gəlmədi... Bir az fikirləşəndən sonra: “Ay Sadıq müəllim, görürsünüz də, təqsir Xavər xanımdadır. Mən ona dedim ki, bu uşaqların üçünü də musiqi məktəbinə vermə. Bu da nəticəsi. Doğrudan da, orada bu fənlərə çox fikir verilmir, əsas musiqi fənləridir. Mən sizi də başa düşürəm. Lakin gərək bir çıxış yolu tapaq. Əgər müəllim tutub Aybənizi evdə çalışdırsam necə olar? Dərs ili qurtarana qədər əgər xeyri olmasa, onda, neyləməli, sinifdə qalar...” dedi.
Sadıq müəllim atamla razılaşdı. Fizika müəllimimiz Bəhram Sultanov Azərbaycan Pedaqoji İnstitutunda da dərs dediyindən Şəfiqə adlı bir tələbəni atama məsləhət gördü. Şəfiqə hər dərsdən sonra mənimlə demək olar ki, iki saat məşğul olurdu. III və IV rüblərdə artıq mənim qiymətlərim düzəldi və məni sinifdə saxlamadılar. Təəssüflə qeyd edirəm ki, kamal attestatımda qiymətlərimin hamısı “5”, riyaziyyat, fizika, kimya fənlərindən “3” olmuşdur.
İllər ötdü... Atamın yubileyi ilə bağlı məktəblərdə keçirilən görüşlərdə mən bu xatirəni söyləyib, o zamanlar mənəvi dəyərlərimizin necə saf olduğunu vurğulayıram. Təhsilə münasibət o qədər ciddi idi ki, valideynlərə heç bir fərq qoyulmurdu. O zaman heç kəs təsəvvürünə belə gətirə bilməzdi ki, Aybəniz Vəkilova adlı şagirdə Səməd Vurğunun qızı olduğuna görə layiq olmadığı yüksək qiymət yazılsın”.
Ardı var...
Müxbir – Günel Alıyeva