Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesləri çərçivəsində dövlət proqramlarının icrası ilə yanaşı, özəl sektor da mühüm layihələrə dəstək göstərir. Bu istiqamətdə insan kapitalının inkişafı və kadr potensialının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “PAŞA Bank”ın insan resursları departamentinin direktoru Zibeydə Hacıyeva Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Qarabağın dirçəlişində gənclər: təşəbbüslər və imkanlar” mövzusundakı panel müzakirəsində deyib.
O bildirib ki, Böyük Qayıdış prosesi bütün ölkə cəmiyyəti, o cümlədən hər bir qurum üçün xüsusi əhəmiyyət kəsb edən özəl və mühüm bir missiyadır.
“Görülən işlərin əsas məqsədi Qarabağda olan sahibkarları dəstəkləmək, oradakı kadr potensialını və insan kapitalını inkişaf etdirməkdir. Hazırda qayıdış prosesində fəal rol oynamaq bizim üçün qürurvericidir. Bank olaraq Qarabağ bölgəsində həyata keçirilən layihələrdə, o cümlədən iş yerlərinin yaradılmasında və fəaliyyət göstərən sahibkarların dəstəklənməsində yaxından iştirak edirik. Bu yaxınlarda bankın Laçın filialının açılışı olub və orada yerli sakinlər ilə yanaşı, digər regionlardan olan gənc mütəxəssislər də işlə təmin edilib”, - deyə o qeyd edib.
Z.Hacıyeva deyib ki, ümumilikdə regionlarda inkişafdan danışarkən təkcə sosialyönümlü layihələr deyil, eyni zamanda, müxtəlif sahibkarlar və dövlət qurumları ilə əməkdaşlıq əlaqələri də böyük önəm daşıyır: “Belə təşəbbüslər çərçivəsində dövlətlə birlikdə 70-ə yaxın kiçik və orta sahibkara dəstək göstərilib, onlar üçün xüsusi təlim proqramları təşkil olunub. İş yerində olmaq başqa, sahibkar olmaq isə tamamilə fərqli bir bacarıqdır. Bu bacarıqların inkişafı da Qarabağda çox önəmlidir. Biz şirkət olaraq bu prosesdə olmağa və öz töhfəmizi verməyə davam edəcəyik”.