Tanınmış azərbaycanlı velosəyyah Ramil Ziyadov Sankt-Peterburqa çatmışdır VİDEO
Moskva, 14 aprel (AZƏRTAC). Azərbaycanlı səyahətçi Ramil Ziyadov aprelin 14-də Rusiyanın Sankt-Peterburq şəhərinə gəlmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov Rusiyanın Şimal paytaxtında velosipedçi ilə görüşmüşdür.
Sankt-Peterburq KİV-ləri yanvarın 10-da “Azərbaycan naminə” devizi altında Bakıdan ikiillik dünya turuna çıxmış velosipedçinin səfərinə böyük maraq göstərirlər. “Mir TV” və “100 TV” telekanlları Ramil Ziyadovun veloturu haqqında süjetlər hazırlamışlar.
Ramil Ziyadov Sankt-Peterburqda olacağı 4 gün ərzində Neva üzərində şəhərin görməli yerlərini, tarixi abidələrini gəzəcək və aprelin 18-də Murmanska yola düşəcəkdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva