MƏDƏNİYYƏT
“Eurovision” mahnı müsabiqəsinin ən yaşlı pərəstişkarı Oma Ella yarışmanı canlı izləmək üçün Kopenhagen şəhərinə gəlmişdir VİDEO
Kopenhagen, 10 may (AZƏRTAC). “Eurovision” mahnı müsabiqəsinin ən yaşlı fanatı, 104 yaşlı xanım Oma Ella Kopenhagendə yarışmanı canlı izləyəcək tamaşaçılar sırasında olacaqdır.
Oma Ella AZƏRTAC-ın müxbirinə demişdir ki, mən özümü dünyanın ən şanslı insanlarından hesab edirəm. Belə sağlam və gümrah olduğum üçün Allahıma minnətdaram. Həmişə Tanrıya dua edirəm. Hər birimizin Allaha ehtiyacımız vardır. Bura gələn milyonlarla insanları görmək, “Eurovision” mahnı müsabiqəsinin fanatları ilə birgə olmaq məni xoşbəxt edir.
Oma Ela “Facebook” sosial şəbəkəsindən onunla ünsiyyətdə olan bütün azərbaycanlı dostlarına salam və xoş arzularını çatdırdığını da söyləyərək demişdir: “Mənimlə danışan, mənə yazan azərbaycanlıların hər biri çox səmimi, mehriban və qonaqpərvərdir. Məni Bakıya dəvət edirlər. Hər birinə minnətdaram”.
Dilarə Kazımovanın mahnısını dinlədiyini qeyd edən Oma Ella təmsilçimizin ifasını çox bəyəndiyini, onun müsabiqədə layiqli yerə sahib olacağını da vurğulamışdır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen