MƏDƏNİYYƏT
Fransanın “Tvin tvin” qrupu: Dilarə Kazımovanın ifası möhtəşəmdir VİDEO
Kopenhagen, 10 may (AZƏRTAC). Dilarə Kazımovanın ifası möhtəşəmdir. O şahzadədir. Biz onu çox sevirik. Azərbaycanlılar Dilarə kimi gözəl qızları olduğu üçün çox xoşbəxtdirlər. İnanırıq ki, Avropa Dilarə Kazımovanın ifasını bəyənəcək və ona səs verərək öz alovlarını təmsilçinizlə işıqlandıracaqlar.
Bu sözləri Fransanı “Eurovision 2014” mahnı müsabiqəsində təmsil edən “Tvin tvin” qrupunun üzvləri AZƏRTAC-ın müxbirinə müsahibəsində demişlər.
Əvvəlcədən müsabiqənin final mərasimi ilə bağlı hər hansı fikri söyləməyin çətinliyini bildirən “Tvin tvin” qrupunun üzvləri bu yarışmanın sürprizlərlə, qeyri-adi gözlənilməz nəticələrlə dolu olduğunu qeyd etmişlər.
Qrupun üzvləri müsabiqədə əsas səhnə və tamaşaçıya zövqlü performans təqdim etmək barədə düşündüklərini söyləyərək demişlər: “Müsabiqədə ifa etdiyimiz “Mustaj” mahnısına Avropa tamaşaçılarının səs verəcəyini düşünürük. Biz istərdik ki, Fransa müsabiqədə qalib olsun və gələn il bu mötəbər yarışma Paris ya da Marsel şəhərlərində keçirilsin. Azərbaycandan olan hər bir tamaşaçıya salamlarımızı göndərir, bizə səs verməyə çağırırıq.
Həyat şüarı “Çox yaşa” olan “Tvin tvin” qrupu Kolumbiya, Kanada, İspaniya, Belçikada konsert proqramları ilə çıxış etmişdir. Qrup müsabiqədə “Mustaj” mahnısını ifa edəcəkdir.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen