SİYASƏT
İsveçdə yaşayan azərbaycanlılar erməni təxribatlarına qarşı etiraz aksiyası keçiriblər VİDEO
Stokholm, 9 aprel, AZƏRTAC
Aprelin 9-da İsveçdə yaşayan azərbaycanlı, türk və türkmən icmalarının üzvləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son vaxtlar ermənilərin təxribatçı hərəkətlərinə qarşı Stokholmun mərkəzində, Sergeltorg meydanında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları son günlər cəbhə xəttində gedən döyüşlərdə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Onlar “Qarabağ Azərbaycanındır”, “Ermənistan, işğalı dayandır!”, “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndiriblər.
Tədbirdə çıxış edənlər son günlər cəbhə bölgəsində yaşanan hadisələr barədə yerli ictimaiyyəti məlumatlandıraraq, insan itkilərinin gətirib çıxardığı bu toqquşmaların Ermənistanın həyata keçirdiyi təcavüzkar siyasət nəticəsində baş verdiyini bildiriblər. Erməni silahlılarının ağır artilleriyadan, iriçaplı silahlardan dinc Azərbaycan sakinlərinə atəş açdıqları qeyd edilib. Azərbaycan silahlı qüvvələrinin uğurlu əməliyyatları nəticəsində düşmənin hücumunun qarşısının alındığı diqqətə çatdırılıb.
Vurğulanıb ki, Ermənistan beynəlxalq hüququn normalarına məhəl qoymayaraq, 20 ildən çoxdur dinc insanlara qarşı işğalçı və terror siyasətini davam etdirir. Bu yanaşma bütün Avropa üçün təhlükə yaradır. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı, insanların zorla doğma torpaqlarından didərgin salınması yolverilməzdir. Bu məsələdə haqq və hüquq Azərbaycanın tərəfindədir. Aksiya zamanı BMT Təhlükəsizlik şurasının münaqişənin həlli ilə bağlı 822, 853, 874, 884 saylı qətnamələri diqqətə çatdırılıb, İsveç hökumətinin bu məsələdə qətiyyətli atdım atmasının vacibliyi bildirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm